Bir gündə iki oğlunu şəhid verən ata: “Balalarım ermənilərin qabağında əyilmədilər” – VİDEO

Bir gündə iki oğlu şəhid olan ata: “Balalarım ermənilərin qabağında əyilmədilər” – VİDEO

Deyirlər torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda Vətən. O Vətənin ordusu yenilməz və güclüdür ki, onun uğrunda hər an mübarizcəsinə vuruşmağa, şəhid olmağa hazır oğulları var. Elə İmanla Bəhrəm kimi. Ailənin iki oğlu Xankəndi uğrunda gedən gərgin döyüşlər zamanı şəhid oldular.

News24.az qəhrəman şəhidlərimiz haqda süjet hazırlayıb.

Əslən Lerik rayonundan olan İmanla Bəhrəm qardaşları hələ uşaq yaşlarından hərb sənəti ilə maraqlanırdılar. Vətənpərvər oğullarımız idmançı idilər. Ailənin böyük oğlu İman ağır atletika ilə, kiçiyi isə cüdo ilə məşğul olub. Şəhidlərimizin atası Məmməd Vəlimandədəkişioğlu deyir ki, İman mənfur düşmənlərimizə qarşı hər zaman nifrət hissi ilə yaşayıb. Hətta ali təhsil üçün Rusiyaya yollandığı zaman onun qarşısına çıxan erməni müəlliminin sözün əsl mənasında necə lazımdırsa cavabını verib:

“Astraxanda hüquq fakültəsinə qəbul olmaq istəyirdi. Ora sənədlərini aparanda, qarşısına bir erməni müəllimi çıxıb İmana əlini uzadıb. Amma oğlum onun əlini nəinki sıxıb, hətta itələyərək belə deyib: “Mən heç vaxt əlini sıxmaram, çünki sənin əlinə millətimin qanı dəyib”. Buna görə də oğlumun sənədlərini qəbul etmədilər. Balamın hüquqşünas olmaq arzusu gerçəkləşmədi. Amma yenə də oğlum “vətənim, millətim sağ olsun” dedi. Əvəzində hər ikisi turizm sektoru üzrə təhsil aldılar. Ümumiyyətlə, İman da, Bəhrəm də çox vətənpərvər olublar. Bəhrəm çıxdığı hər bir yarışdan qalib gələrdi. Ermənilərlə güləşə çıxanda heç vaxt əyilməzdi, əksinə yarışları udardı”.

Ailənin iki qardaşı vətən müharibəsinə qoşulduqları ilk gündən tarix yazdılar. Vətən sevdalısı olan şəhidlərimizin xəbəri isə onları çox sarsıdıb:

“Biz mütəmadi olaraq əlaqə saxlayırdıq. Bir gün onlarla birgə olan gizir mənə zəng etdi, amma danışmaq istəmədi. Əsgərov deyə çağırırdıq onu. İndi yaralıdır, hospitalda müalicə alır. Zəng edib oğullarımın əmilərini dəstəyə çağırdı. Onda artıq nəyinsə düz getmədiyini hiss elədim. Dedim, yox nə olubsa özümə de. Ağlaya-ağlaya dedi ki, əmi, uşaqlar şəhid oldular (ağlayır). O, anda bilmədim nə edim. Getdim Füzuliyə, orada Peyğəmbər Məscidində İmanımı gördüm. Üzərindən bir neçə dəqiqə keçdikdən sonra Bəhrəmimi gətirdilər. Onları gördüm” (ağlayır).

Şəhidlərimizin atasının sözlərinə görə İmanın özü şəhidlik zirvəsini arzu edib. O həm də çox qorxmaz olub. Komandirlər ona deyəndə ki, İman burada sürünmək lazımdır, o bu sözlərə məhəl qoymayaraq, dimdik durub erməninin üzərinə gedirdi:

“Hələ əsgərliyə gedəndə mənə dedi ki, “ata, mən şəhid olacağam”. Yəni ki, bu uşağın əvvəldən fikri bu olub. Dedim ki, oğlum elə danışma, sən hələ cavansan. Bütün ömrün qabaqdadır. İmanım da dedi ki, “ata, sən heç bilirsən şəhidlik zirvəsi nədir?”. Çox pis olurdum, amma dözürdüm. Dedim ki, bəli, oğlum bilirəm. Şəhidlik zirvəsi dünyanın ən gözəl və yüksək yeridir. İnanın ki, o, uşaqda bir damcı belə qorxu yox idi. Hər zaman deyərdi ki, erməni kimdir ki, mən onun qarşısında əyilim”.

İman və Bəhrəmdən gözü yaşlı danışan anası Hicran Məmmədova deyir ki, onlar daima vətənə, millətə bağlı olub. Hicran Məmmədovanın sözlərinə görə qəhrəman şəhidlərimiz örnək övladlar olublar, heç vaxt valideynlərini incitməyiblər. Amma bütün bu sözlərin fonunda İmanın son sözü ürəkdağlayan olub:

“Mənə dedilər ki, yanımıza gələndə çoxlu su gətir. Biz də apardıq. İnanın ki, əsgərlər başımıza yığılıb dedilər ki, niyə bu qədər çoxlu su aldırmısınız? İman qayıdıb dedi ki, “ana, o sudan tək mən içsəm, əsgər yoldaşlarım necə olacaq? ayıb deyilmi?”. Yola saldım balalarımı. Sonra İman maşına mindi, getməyə hazırlaşanda təzdən qaçdı yanıma və bir söz dedi: “Ana, şəhidlərimizi unutma, daim onları xatırla. Bəlkə mən olmadım”. Bu oğlumun mənə dediyi son sözü oldu. Sən demə sağollaşırmış bizimlə, anlamadıq (ağlayır). Kaş oğullarım Vətən müharibəsinin axırında olan sevinc və qələbə xəbərlərini görə biləydilər. Yanıram, çox yanıram ki, onlar bu günləri görə bilməyəcəklər”.

Hicran Məmmədova deyir ki, İmanla Bəhrəmin hələ uşaq yaşlarından silaha marağı olub:

“Hər ad günlərində atalarından hədiyyə silah istəyirdilər. Bir dəfə yanlarına gedəndə dedim ki, “oğul balalarım baxın görün, nə qədər silahınız var”. Dedilər ki, “ana, bu silahı atam almayıb bizə, özümüz qazanmışıq”.

Qəhrəman şəhidlərimiz fiziki olaraq yanımızda olmasalar da, mənəvi olaraq bütün Azərbaycan xalqının daim qəlblərində yaşayacaqlar. Siz heç vaxt unudulmayacaqsınız, çünki 27 illik yarananın məlhəmi məhz siz oldunuz!

Share: