Bir qadın var – indi deputatdır, mənə dedi ki, bunun anası ermənidir – MÜSAHİBƏ

Bir qadın var – indi deputatdır, mənə dedi ki, bunun anası ermənidir – MÜSAHİBƏ

Arif Rəhimzadə: “Türk dilinin 70 fazini başa düşmürəm”

Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə Modern.az-ın redaksiyasında qonaq olub.

O, Milli Məclisin beş çağırışında deputat olub – 1995-ci ildən ta 2020-ci ilə kimi. 25 illik deputatlığı dövründə A.Rəhimzadə 10 il Milli Məclis sədrinin 1-ci müavini vəzifəsini tutub. Sonrakı üç çağırışda – 15 ildə isə Milli Məclisin Regional məsələlər komitəsinin sədri işləyib.

Arif Rəhimzadə iki çağırışda – 1995 və 2000-ci illərdə 79 saylı Neftçala-Salyan seçki dairəsindən deputat seçilib.

Sonrakı üç çağırışda – 2005, 2010 və 2015-ci illərdə isə 61 saylı Neftçala seçki dairəsindən deputat manadatı qazanıb.

Arif Rəhimzadə mərhum dövlət başçısı Heydər Əliyevin ən sadiq tərəfdarlarından biri olub. AXC hakimiyyəti dövründə Heydər Əliyevin hakimiyyətə gəlişi üçün daim mübarizə aparıb.

Arif Rəhimzadə Modern.az əməkdaşlarının müxtəlif mövzularda suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 

“Əvvəlki kimi olmasa da, fəaliyyət göstəririk”

 

– Arif müəllim, uzun illər Milli Məclisdə təmsil olmusunuz, artıq 10 ildir deputat deyilsiniz. Mediada da çox görünmürsünüz. Cəmiyyət üçün də, jurnalistlər üçün çox maraqlıdır, Arif Rəhimzadə haralardadır?


– İctimai fəaliyyətlə məşğul oluram. Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında qərar qəbul olundu ki, Veteranlar Şurası yaradılsın. Bu çox uzaqgörən qərar idi. Çünki birinci növbədə pensiyaya çıxmış adamların potensialından istifadə etmək məsələsi həllini tapdı. Gənclərlə yaşlı nəsil arasında kontakt yaratmaq, fikirləri onlara çatdırmaq imkanımız oldu. Digər tərəfdən, əvvəlki kimi olmasa da, işləmək qabiliyyətinə malikik. O nöqteyi-nəzərdən Veteranlar Şurasının yaradılması imkan verdi ki, biz də nələrləsə məşğul olaq. Biz gənclərlə görüşlər keçiririk. Cari ilin 5 ayı ərzində 57 üzvümüz tədbirlərdə iştirak edib. İştirak edib deyəndə oturub qulaq asmayıblar, çıxış ediblər. Mən 9 tədbirdə iştirak etmişəm. Bu tədbirlər sırf Yeni Azərbaycan Partiyasının tədbirləri olub. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Cənab Prezidentin, Ulu Öndərin fəaliyyəti haqda məlumatlar veririk. O vaxtkı vəziyyəti çatdırırıq. Gənclərin çoxu o dövrü görməyib. Haradansa eşidiblər, ya da oxuyublar. Amma biz həmin dövrü yaşamışıq. Odur ki, biz daha böyük məlumata sahibik. O məsələlərlə əlaqədar gənclərlə görüşürük. Cənab Prezidentin siyasəti, gənclərin qarşısında duran vəzifələr, ümumiyyətlə,  Azərbaycan xalqının gördüyü işlər, beynəlxalq aləmdə mövqeyi, ona beynəlxalq aləmdə münasiibət və bu münasibətlə əlaqədar görülən işlər nələrdən ibarətdir kimi istiqamətlərdə fəaliyyətimizi qururuq. Yəni biz işsiz deyilik. 

 

– İndiki vəziyyət Azərbaycan gəncindən nəyi tələb edir?

 

– Elə başa düşürəm ki, indiki quruluş və inkişaf gəncləri istər-istəməz fəaliyyətə məcbur edir. Sovet vaxtında vəziyyət başqa cür idi, hamıya iş veridilər. Sovxoz və kolxozlar vardı. Misal üçün, Moskvadan belə bir qərar verilmişdi: işləməyən adamı şəhərdən çıxarırdılar. İndi isə işləməkdən ötrü baş işlətmək, çalışmaq, təhsil almaq, enerjili və təşəbbüskar olmaq lazımdır. Bu nöqteyi-nəzərdən, əlbəttə, bizim gənclər sovet dövrü ilə müqayisədə nisbətən daha yaxşı inkişafdadırlar. Desəm ki, bunu hamıya şamil edirik, bu,düzgün olmazdı. Bəzən görüşlərdə “suallarınız varmı?”, “sizi narahat edən məsələlər, problemlər nələrdir?”,- deyə soruşuruq. Görürsən sakitcə otururlar. Belələri də var. Hər halda, indiki vəziyyət gəncləri fəal olmağa məcbur edir, gələcəkdə də edəcək.

 



– Keçmiş həmkarlarınızdan kimlərlə əlaqəniz var? Onlarla görüşürsünüzmü?


– Bəli. Keçmiş həmkarlarımızın bir hissəsi elə YAP Veteranlar Şurasının üzvüdürlər. Onlarla kontaktdayıq. Başqaları da var ki, onları söhbətə dəvət edirik. Beynəlxalq məsələlərlə bağlı nəsə olanda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovu çağırırıq, danışırıq. Yaxşı mütəxəssislər var. Çox tədbirlər keçiririk. Həmin tədbirlərdə ümumi sözlərlə yox, işin içində olan insanlar çıxış edəndə, məlumat verəndə daha dəyərli olur.


– Prezidentin sərəncamı ilə milli mətbuatımızın 150 illiyi qeyd olunur. Bu gün Azərbaycan mətbuatı müasir çağırışlara cavab verirmi?

 

– Ölkədə və dünyada mətbuata olan münasibət məsələsinə toxunmaq istəyirəm. Müasir texnologiylar, internetin inkişafı mətbuata çox böyük təsir göstərir. Mətbuat dedikdə, mən yalnız qəzeti nəzərdə tutmuram. Televiziya da var, o da mətbuatın bir məhsuludur. Azərbaycan mətbuatı ölkəmizdə olan məsələləri və onun həlli yollarını camaata çatdıran bir təşkilatdır. Bu nöqteyi-nəzərdən mətbuat əvəzedilməz orqandır. Açığı deməliyik ki, bu saat qəzet-filan oxuyan bir o qədər də yoxdur. Bu, mənfi cəhətdir. Mətbuat hansısa məhsulunu camaata çatdırmaq yollarını təkmilləşdirməlidir. 150 il ərzində Azərbaycan mətbuatı, əlbəttə, çox böyük yol keçib. Qəzetlərə baxıram, nə qədər bilikli, savadlı, ürək yanğısı ilə işləyən jurnalistlər var. Amma təəssüflər olsun ki, belələrinin öz sözlərini demək imkanları ilbəil məhdudlaşır. Bunları necə çatdırmaq lazımdır, onun barəsində mətbuat gərək düşünsün.


– Son seçkidə çoxlu sayda gənc Milli Məclisə deputat seçilib. Parlamentin hazırkı fəaliyyətini öz dövrünüzlə necə müqayisə edərdiniz?

 

– Gənclərin seçilməsi dövlət siyasətidir. “2019-cu ildə halsız idim, işləyə bilmirdim” deyə biləmərəm. Ancaq dedilər ki, sən işləmisən, artıq get istirahət elə! Gənclərə yol verirlər. O nöqteyi-nəzərdən gənclərin parlamentdə  olması hesab edirəm ki, müsbət haldır.  Azərbaycanın inkişafına yaxşı təsir edəcək. Gənc deyəndə 40-45 yaşlarında və daha gənc yaşlı deputatları nəzərdə tuturam. Gənc icra başçıları var ki, çox hazırlıqlıdırlar, dünyada gedən prosesləri bililrlər. Bu da gənclərin inkişafına yaxşı yol yaradır. Mən parlamentin işini yaxından izləyə bilmirəm. Televiziyada həftədə bir dəfə bir balaca məlumat verirlər. Ona görə də parlamentin fəaliyyətini qiymətləndirə, müqayisə edə bilmərəm. Amma onu deyə bilərəm ki, parlamentin beynəlxaql fəaliyyəti müsbət istiqamətdədir. 90-cı illərdən bəri belə fəaliyyət yox idi. İlk növbədə bu, əlbəttə, ölkədə gedən proseslərin nəticəsidir. Eyni zamanda parlament rəhbərliyinin də bu istiqamətdə əməyini danmaq olmaz.


“Vəziyyət gərginləşəcək”

 



– Azərbaycanda və dünyada baş verən siyasi prosesləri izləyirsinizmi? Sizcə, Azərbaycan və dünya son 10 ildə necə dəyişib?

– Ümumiyyətlə, 15-20, bəlkə elə 10 il bundan qabaqkı ilə müqayisədə beynəlxalq qanunlara riayət və beynəlxalq etika baxımından çox geriyə getmişik. Beynəlxalq qanunvericiliyə önəm verən yoxdur. Hansısa ölkə müəyyən xırda marağını irəli sürür və Azərbaycana qarşı iddialarla çıxış edir, ədalətsiz fikirlər səsləndirir. “Dağlıq Qarabağ”ın ləğv edilməsi BMT-nin qərarlarında yer tutub. Lakin bunda belə Azərbaycanı təqsirləndirirlər. Halbuki Azərbaycan bu vəziyyətə 30 il dözdü. Azərbaycanın, ilk növbədə cənab Prezidentin siyasəti çox düşünülmüş, istiqamətlənmiş, beynəlxalq qanunvericiliyə, sülhə, ədalətə uyğundur. Bunu da istər-istəməz qəbul edəcəklər. İndinin özündə də “ham-hum” edirlər, ancaq məcburdurlar əvvəl-axır reallığı qəbul etsinlər.

 

– Dünyada azı iki yerdə müharibə gedir. Dünyanın 10 il sonrakı halını necə görürsünüz?


– Elə bir proqnoz verməyə çətinlik çəkirəm. Ancaq bugünkü əhval-ruhiyyə, dövlət başçılarının və dövlətlərin hərəkətləri çox təhlükəlidir. Bunun birdən-birə düzələcəyini, başlarına ağıl gəlməsini gözləmək olmaz. Vəziyyət gərginləşəcək. Belə bir situasiyada hər bir dövlət gərək öz yerini tutsun. Hesab edirəm ki, Azərbaycan bu nöqteyi-nəzərdən öz yerini tutub və uğurlu siyasətini həyata keçirir.

 

– Bu il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilib. Sizcə sərəncamın önəmi nədir?

 

– Azərbaycan Sovet dövründə 3 dəfə Konstitusiya qəbul edib. Axırıncı dəfə bu, 1975-ci ildə baş tutub. O vaxt Heydər Əliyev rəhbər idi və o, ölkəmizin müstəqilliyini görürdü. O, açıq şəkildə “biz SSRİ-dən ayrılırıq” deyə bilməzdi. Amma yol Heydər Əliyev tərəfindən cızılmışdı. Azərbaycanda hərbi kontingent yaratmağa başladılar, Naxçıvanski adına məktəb yaradıldı. Heydər Əliyev məsələ qoydu ki, azərbaycanlılar mütləq hərbi peşə qazanmalıdırlar. Ondan əvvəl xidmətə gedənlər “stroybat”da, yeməkxanada xidmət edirdilər və gələndə hərbi peşə qazanmırdılar. Heydər Əliyev bu məsələni düşünüb anlayaraq, addım atdı. Çoxlarımız onu qanmadıq. Heydər Əliyev Azərbaycan iqtisadiyyatını inkişaf etdirməyə başladı. Onun uzaqgörənliyi ilə bağlı bir faktı deyim. Neft konraktları Azərbaycanı olduqca ağır vəziyyətdən çıxardı. Neft kontraktlarının imzalanması ilə bağlı bir çox şərtlər vardı. Biz müharibə şəraitindəydik. ABŞ deyirdi ki, nə kontrakt, siz müharibə aparırsınız. Ordu yaradıldı və bunun sayəsində Ermənistanla atəşkəs əldə olundu. Neft kontraktları imzalananda dənizdə işlər görüləsiydi. 1978-ci ildə Heydər Əliyev Dərin Özüllər Zavodunun tikintisini başladı. Zavod Həştərxanda tikiləsiydi. Heydər Əliyev izah edib başa saldı ki, neft Xəzər dənizindədir, neft mərkəzi Azərbaycandır. 1982-ci ildə zavodun inşası başa çatdı. Həmin zavod tikilməsəydi, neft kontraktlarının imzalanması da uzun çəkəcəkdi. Oradan gələn gəlirlərin böyük hissəsi də gedəcəkdi. Dərin Özüllər Zavodu Ümumittifaq Fondunun hesabına tikilmişdi. Yəni tək Azərbaycan ora pul vermirdi. Azərbaycan o vaxt inkişaf etmişdi. Buna görə də Ümumumittifaq Fonduna pul köçürürdü. 15 respublikadan bu fonda pul köçürürən cəmi 4 ölkə vardı. Qalanları – Baltikyanı ölkələr, Ermənistan, Gürcüstan, Orta Asiya respublikları oradan dolanırdılar. Heydər Əliyev Azərbaycan dilini dövlət dili kimi Konstitusiyaya saldı. Ukrayna Kommunist Partiyasının katibi “bizdə belə bir şey yoxdur, sizdə haradan olsun” dedi. Konstitusiya Azərbaycanın ən yüksək qanunvericiliyidir. Parlamentin, dövlətin fəaliyyətini, hər şeyi əhatə edən qanundur. Onun qəbulu Azərbaycanın gələcək yolunu göstərdi. Konstitusiyada Azərbaycanın gələcəyi, inkişafı öz əksini tapıb. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi, əlbəttə, Azərbaycan xalqının bir dəfə də düşünməyə vadar edir ki, siz artıq müstəqil, inkişaf edən ölkədəsiniz, sizin sözünüz dünya arenasında eşidilir. Bu çox böyük hadisədir. Belə bir ilin keçirilməsi, düşünürəm ki, Azərbaycan əhalisinin biliyini, gələcəyə  meyillərini bir qədər də gücləndirir, istiqamətləndirir.

 



– Konstitusiyanı hazırlayan komissiyanın üzvü olmusunuz. 30 il əvvəl hazırlanmasında iştirak etdiyiniz Konstitusiya bugünün çağırışlarına cavab verirmi?

 

– Konstitusiya birdəfəlik yaradılmış qanun deyil. Ona düzəlişlər edilir. Bu müddət ərzində bir neçə dəyişikliklər edilib. Konstitusiya diri, hərəkətdə olan sənəddir. O sənədə vaxtaşırı əlavələr, dəyişikliklər edilir. Azərbaycan  balaca ölkədir və cəmi 10 milyon əhalisi var. Belə bir şəraitdə ikipalatalı parlament yaratmaq düzgün deyil. O vaxt da bunun tərəfdarları olmayıb. Həmin dövrdə dil məsələsini qoymuşdular, böyük mübahisələr oldu. Bizim tanınmış yazıçılarımız, ziyalılarımız hesab edirdilər ki, bizim dilimizin adı “Türk dili” yazılmalıdır. Mən bir dəfə mətbuatda çıxış edib demişdim ki, “doğrudur, etnik cəhətdən türkük, ancaq bizim dilimiz Azərbaycan dilidir”. Mənim üstümə bir səs-küy qaldırdılar. Bir qadın var – adını deməyəcəm, indi də deputatdır, əsaslı dəlil gətirə bilmirdi, dedi ki, bunun anası ermənidir. 1936-cı ildə SSRİ Ali Sovetinin sessiyası olub. Onda Stalin Azərbaycan nümayəndə heyətini qəbul edərək deyib: “Ermənistanda ermənilər yaşayır, Gürcüstanda gürcülər, siz isə özünüzə müsəlman dediniz, axı müsəlman millət deyil, dindir”. Ondan sonra bir qədər bu məsələlərdə düzəlişlər oldu. Heydər Əliyev də başa saldı ki, Rusiya İmperiyasında bizə tatar deyirdilər, biz isə özümüzü müsəlman adlandırırdıq. Nəhayət anlayıb başa düşün ki, biz etnik mənsubiyyətimizdən, dilimizdən, dinimizdən asılı olmayaraq, hamımız Azərbaycan xalqının övladlarıyıq. O qərar çox uzaqgörənliklə verildi. İndinin özündə də türk-türk deyənlər var. Düşünürlər ki, bizim dilimizin adı “Türk dili” kimi yazılmalıdır. Sözün doğrusu, türk dilinin 70 faizini başa düşmürəm, o qədər dəyişib ki… Azərbaycanda təkcə türklər yaşamır axı, başqa millətlər də yaşayır. Türk dili desəydik, talışlar, ləzgilər, yəhudilər, dağlılar inciyəcəkdilər. Heydər Əliyev bunun qarşısının alınmasına nail oldu. Müzakirələrlə əlaqədar onu deyə bilərəm ki, Heydər Əliyev çox tutarlı fikirlər, arqumentlər gətirirdi. Hamını dinləyirdi. Heç kimə təzyiq etmək niyyəti yox idi. Dinləyirdi, ancaq son nəticədə müzakirəyə uyğun qərar qəbul olunurdu.


“Yəqin ki, bir müddət sonra parlament üzvlərinin sayı artırılacaq”


– Bəzən deyirlər ki, 1995-ci ildən bu yana əhali durmadan artır, amma deputatların sayı olduğu kimi qalıb. Sizcə deputatların sayı artırılmalıdırmı?

 

– Əlbəttə, yəqin ki, bir müddət sonra parlament üzvlərinin sayı artırılacaq. Amma mən hesab etmirəm ki, əhali sayının10 milyon olması buna əsas verir. Əhalimizin sayı 30-40 milyona çatarsa, əlbəttə, parlamentdə yerlərin sayı arıtırılmalıdır. Sovet dövründə bizim deputatların sayı 400-dən artıq idi. Ancaq fəaliyyətləri nəydi? Açığı, heç bir fəaliyyəti yox idi. İşləri ancaq səs verməkdən ibarət idi. Əhali ilə görüşürdülər, təşəbbüs də nadir hallarda olurdu. Amma məsələlər əvvəlcədən mütəxəssislər tərəfindən hazırlanırdı.

 

– Uzun illər Ulu Öndər Heydər Əliyevlə birgə çalışmısınız. Onun liderlik xüsusiyyətlərindən hansıları sizi daha  çox təsirləndirib?


– Heydər Əliyevin Azərbaycana böyük sevgisi vardı. Heydər Əliyevin “mən və ailə üzvlərim Azərbaycan üçün  ölməyə hazırıq” sözləri boş söhbət deyildi. Həqiqətən də bu beləydi. 1993-cü ilin 13 iyun tarixində Heydər Əliyev Milli Məclisdə çıxış etdi. Artıq vəziyyət elə bir yerə gəlib çatmışdı ki, Azərbaycan məhv olurdu. O vaxt Rusiyanın Prezidenti Boris Yeltsin Ermənistana 1 milyard dollarlıq silah-sursat vermişdi. O, açıq-aşkar düşmənçilik mövqeyində idi. İranla vəziyyət çox gərgin idi. Xalq Cəbhəsi hakimiyyətə gələndə demişdi ki, mən Azərbaycanı birləşdirəcəm.  Birləşdir e, imkanın varsa, bunu et, amma demə, əməldə göstər.  

Ancaq Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxartdı. Hamı artıq Heydər Əliyevin hakimiyyətə gəlməsinə razı idi. Belə bir vaxtda Rəhim Qazıyev çıxış etdi ki, “Gəncədə ağır vəziyyət yaranıb. Orada hərbi qüvvə toplanıb. Onların marağını nəzərə almadan sizin qərarınızın heç bir mənası olmayacaq”. Heydər Əliyev dərhal Gəncəyə gedəcəyini dedi. Qərar vermək məsuliyyəti üçün də birinci gərək ağlın olsun məsələni və onun həlli yollarını biləsən. Digər yandan cəsarət olmalıdır. Heydər Əliyevdə bu cəhətlər vardı. Həqiqətən, o, hamını valeh edirdi.


“Getdik ki, Allahşükür Paşazadə də oradadır”

 

– Bir neçə gündür sosial şəbəkələrdə yenə 4 iyun hadisələri barədə danışırlar. Qarşılıqlı ittihamlar, müxtəlif fikirlər səsləndirilir. Həmin vaxtda mövcud olmuş vəziyyət sizcə, necə idi?


– Gəncədəki hadisələr o vaxtkı iqtidarın ağılsızlığı nəticəsində yaranmışdı. Sürət Hüseynov adlanan bir nəfər Yun zavodunun direktoru idi, hərbidə heç xidmət etməmişdi, bu sahədən başı da çıxmırdı. Ancaq pulu vardı. Ona dedilər ki, rus kontingenti ilə əlaqə saxla, onların silahlarından al. Buna, sözün doğrusu, nail oldular. Bundan sonra onu general elədilər, yüksək vəzifə verdilər. Sonra Xalq Cəbhəsi ilə bunun düşüncələri üst-üstə düşmədi, onu sıxışdırmağa başladılar. Belə olan halda hərbi kaontingenti ələ aldı. Pulu zadı vardı da, camaatı dolandırırdı. Dedi ki, “Bakıya gəlib Prezident  Aparatının qarşısında dar ağacı qurub onları asacam”. Prezident o vaxt Gəncəyə Baş prokuroru göndərmişdi. Özləri zəng edib onunla danışa bilmirdilər. Baş prokuror orada qərar vermişdi ki, Prezident həbs olunsun, təsəvvür edirsiniz?! Yeni Azərbaycan Partiyasının bir neçə üzvü, o cümlədən mən, dedik belə olmaz, nəsə hərəkət edək. Prezident Aparatına zəng etdik, dərhal bizə cavab verdilər, Gəncə hadisələri ilə əlaqədar məsələni öyrənməli olduğumuzu, vəziyyəti başlı-başına buraxmağın doğru olmadığını söylədik. Dərhal dedilər ki, gəlin gözləyirik. İmam Mustafayev hörmətli, sanballı adam idi, zəng etdik ki, ağsaqqal kimi o da gəlsin. Getdik ki, Allahşükür Paşazadə də oradadır. Onu da vəziyyət narahat edirdi. Danışdıq, dedilər ki, yaxşı gedin Gəncədəki vəziyyəti öyrənin, gəlin bizə məruzə edin. Biz də həll yolarını düşünək görək, nə etmək olar.

Maşın verdilər, ora getdik. Camaatla görüşdük. Qan tökülmüşdü, narazılıq da vardı. Sürət Hüseynovu müdafiə edənlər də vardı, vəziyyət çox gərgin idi. Bura gəlib, prezidentə mərzuzə etdik. O da dedi ki, parlamentin iclası olacaq orada danışacaqsınız. Bir neçə nəfər, o cümlədən mən danışdım. Ondan sonra bizim üstümüzə düşdülər. Başladılar bizi təhqir etməyə, hətta vəziyyət o yerə gəlib çatdı ki, biz parlamentin binasından çıxa bilmirdik. Ora haradansa, tərbiyəsiz qadınları yığmışdılar, bizi söyürdülər, əl atırdılar ki, üzümüzü cırmaqlasınlar. Sürət Hüseynov da artıq hərbi kontingentlə Bakıya gəlirdi və yol boyu icra başçılarını çıxarırdı, təsadüfən gördüyü adamlara “sən nəçisən” sualını verir, ona “səni başçı qoyacam” deyirdi. Gördülər ki, heç cür bunun öhdəsindən gələ bilmirlər, onda məcbur oldular Heydər Əliyevə müraciət etsinlər. Özülərini müdafiə instinkti onları buna məcbur etdi. Ancaq Heydər Əliyev gələndən sonra heç də düşünmürdülər ki, ona vəzifə versinlər. “Sizin məsələhətiniz lazımdır” deyirdilər. Heydər Əliyev də “mənim məsləhətim yox, hərəkətim lazımdır” deyir və bildirirdi ki, vəzifəsi, səlahiyyəti olmadan heç nə edə bilməz. Ondan sonra belə razılığa gəldilər ki, Heydər Əliyev Milli Məclisin sədri olsun. İyunun 15-də Heydər Əliyev parlamentin sədri seçildi. 10 gündən sonra Əbülfəz  Elçibəy Kələkiyə getdi, hakimiyyət keçdi Heydər Əliyevə. Bir müddətdən sonra da o, prezident seçildi. Gəncə əhalisi Heydər Əliyevin tərəfdarıydı. 3-5 nəfər vardı ki, Sürət Hüseynova yaxın idi, onlar əlbəttə, qohum-əqrəbalarını da məcbur edirdilər. Amma bütövlükdə Azərbaycan xalqı Heydər Əliyevin tərəfindəydi.




– Bəzən Veteranlar Şurasının iclasında üzvlərin hamısını görmürük, onlar dəvət edilmir, yoxsa özləri gəlmir?

 

– Veteranlar Şurasının hər bir üzvü iclaslara dəvət edilir. Veteranlar Şurasının elə üzvləri var ki ezamiyyətdə olur. Şuranın üzvləri arasında deputatlar da var ki, onlar da bəzən parlamentin iclasında, ya da xaricdə olurlar. Eləsi də var ki səhhəti ilə əlaqədar iclasa gələ bilmirlər. Amma materiallar onlara göndərilir. Fikirləri öyrənilir.


“Ölkənin yaxşı və pis cəhətləri bizdən asılıdır”


– Bu gün YAP-ın ən qocamanlarından biri olaraq gənclərə tövsiyəniz nələrdir?


– Hesab edirəm ki, yalnız gənclər yox, ümumilikdə Azərbaycan xalqının hər bir nəfəri, gərək heç nəyə laqeyd qalmasın. Heç vaxt deməsin ki, bu, mənlik deyil. Xırda məsələni görəndə də onu ürək yanğısı ilə qarşılasın və çalışsın ki, nəsə etsin. Məsələn, biri oğurluq su çəkir. Adam deyir ki, ayıbdır, bunu demək olmaz. Ancaq ayıb-zad söhbəti olmamalıdır e… Bu yolla dacam etsək, çox yavaş irəli gedəcəyik. Gərək prinsipial olaraq, qarşımızda olana münasibət bildirək, imkanımız varsa, onu düzəldək. Laqeyd olmayaq. Bu ölkə bizimdir. Ölkənin yaxşı və pis cəhətləri bizdən asılıdır. Bunu anlasaq, hesab edirəm ki, Azərbaycan daha sürətlə inkişaf edəcək.


– Azərbaycanın qonşuları ilə münasibətləri və bu münasibətlərin parlament diplomatiyasında rolu barədə fikirləriniz nədir?

 

– Azərbaycanın parlament diplomatiyasının xüsusi rolu var. Amma burada ən başlıca rol Prezidentdədir. Heydər Əliyev hakimiyyətə gələndə çox ağır vəziyyət yaranmışdı, Rusiyayla da, İranla da, Gürcüstanla da müəyyən gərginliklər vardı. Ermənistanla müharibə şəraitindəydik. Bu məsələləri tənzimləmək üçün Heydər Əliyevin çox böyük əməyi oldu. Ən əsası öndərdir. Öndər olandan sonra parlament də, ictimaiyyət də onu müdafiə edəcək. Ancaq başda təcrübəsiz, biliksiz, təsadüfi bir adam olarsa, nə parlament, nə də dövlət orqanları işləyəcək.




“Boş vaxtlarımda əkinlə məşğulam”

– Siyasətdən sonra həyatınız necə keçir? Boş vaxtlarınızı nəyə həsr edirsiniz?

 

– Həyət evində yaşayıram. Boş vaxtlarımda əkinlə məşğulam, ağacları sulayıram, budayıram.

– Arif Rəhimzadə gümrah görünür, enerjili qalmaq idmanla məşğul olursunuzmu?

– Mənim indi 84 yaşım var. İdman məsələsi bir balaca kənarda qalıb. Amma mən səhər-səhər gimnastika ilə məşğul oluram. Əvvəllər formadan düşməmək üçün üzgüçülüklə məşğul olurdum. İndi yox. 

Mənbə

Share: