Bir sutkadır ölkəmizə şər atılıb: hanı təkzibiniz?

Hər kəs Azərbaycan mətbuatından narazıdır: mikrafonu əlində düz tuta bilməyən silikon dodaqlı müğənnilərdən tutmuş vəzifəli şəxslərə, məmurlara qədər hamı bir ağızdan mətbuatımızın acınacaqlı vəziyyətdə olmağından şikayətlənir.

Azərbaycanda ekspert, analitik adlandırılaraq ucaldılan əcnəbi jurnalistlər sadəcə olaraq daha normal şəraitdə öz işini görə bilən sadə jurnalistlərdir. Bizim jurnalistika isə bu “analitiklər”in dahiyanə mətnlərini tərcümə edib yaymaq səviyyəsindən yuxarı qalxa bilmir.

Heç bunun səbəbləri haqqında düşünmüsünüzmü? “Avro Nyus”, BBC, “Deyli Meyl” olmaq üçün damarında avropalı qanının axması labüddürmü? Azərbaycanda adını çəkdiyim media orqanlarında çalışan şəxslər qədər istedadlı, öz işini bacaran, savadlı jurnalistlər var. Bizə “Röyters” olmağa imkan verməyən nədir?

Niyə biz araşdırmaçı jurnalist kimi rahat fəaliyyət göstərə bilmirik? Niyə hələ 5 cümləsi yazılan araşdırmanın növbəti cümlələri önünə hasarlar hörülür? Bu informasiya qıtlığı nə bəladır düşmüşük?

Mətbuat katibləri, nazirliklər, icra nümayəndəlikləri, məmurlar, vəzifəli şəxslər, xəstəxanalar, məktəblər…

Bu qədər sədmi olar? Adamın bu qədər qələmimi qırılar?

Bala, niyə danışmırsız? Nədir axı bizi sizə düşmən edən? Niyə hər qurum, vəzifəli şəxs ona jurnalist zəng edəndə məqsədinin qurumunu rüsvay etmək və ya özünü hörmətdən salmaq olduğunu düşünür? Nədir içinizdəki bu xof?

Qardaş, bizdən niyə qorxursuz? Jurnalistin vəzifəsi məlumatı öyrənib, dəqiqləşdirib, araşdırıb, oxucuya obyektiv bir şəkildə çatdırmaqdır. Jurnalistin vəzifəsi sizin evinizi yıxmaq deyil. Media nümayəndələrini cavabsız qoymaqla, onlardan qaçmaqla əllərində olan faktları sizin mövqeyinizi işıqlandırmadan yaymağa məcbur etdiyiniz zaman öz evinizi yıxdığınızdan xəbərdar deyilsinizmi?

Siz, xanım Xalidə Bayramova, 15 gündür Azərbaycan mətbuatı arxanızca “sürünüb”, sizdən cavab gözləyir. Bu 15 gündə siz bizə bir qramlıq əl yeri qoymadınız ki, sizi müdafiə edək, mövqeyinizi işıqlandıraq. Bizə imkan vermədiniz ki, bütün xalqın sizi cani, vicdansız, uşaq qatili, şərəfsiz adlandırmasının qarşısını alaq. İndi heç kimə lazım olmayan bir vaxtda heç kimə lazım olmayan bir açıqlama yaymaq zərurətini hardan hiss etdiniz? Daldan atılan daş – haqqınızda yazılanlar milyonlara çatdırılandan sonra sizin cavabınız kimə lazımdır?

Siz, hörmətli nazirliklər, dövlət qurumları! Jurnalist zəng edir, sorğu yollayır, əlində olan qaynar xəbərin təsdiq və ya inkarını almaq istəyir. Yoğun bağırsaq kimi uzadırsız, uzadırsız, uzadırsız… Beş gündən sonra – artıq əlində olan məlumatı sizin rəyiniz, təsdiq və ya inkarınız olmadan yazmağa məcbur qalan jurnalisti tənqid edirsiniz.

Hörmətli Xarici İşlər Nazirliyi, əziz DTX, məlumatınız yoxdursa, sizə bildirim ki, dünən ABŞ Dövlət Departamentinin terrorla mübarizə koordinatoru Nathan Sayles “Hizbullah”ın Azərbaycanda fəallaşması ilə bağlı bəyanat yayıb. Hanı reaksiyanız? Bizi adam yerinə qoymursunuz, anladıq. Bəs dünya mətbuatı? Axı, bir sutkadan artıqdır bütün dünya “Huzbullah”ın Azərbaycanda mövcud olduğu yalanına inanmaqdadır. Niyə çıxıb bir kəlmə demirsiniz ki, ay Nathan Sayles, fikrin doğma şəhərin Ohayodakı gündəlik məktəb terrorlarına getməsin, Azərbaycanda bir terror təşkilatı var, o da Ermənistan: bir terror ocağı var – o da işğal edilmiş ərazilərimizdir!

Hörmətli Təhsil naziri Ceyhun Bayramov təntənəli brifinq keçirib onlarla jurnalisti ətrafına toplayaraq onlara brifinqdən öncə təqdim olunan press-relizi üzündən oxuyur. Cənab nazirə sual vermək olmaz, brifinq zamanı canlı efir açmaq olmaz! Cənab nazirim, niyə? Məqsədiniz öz savadı, intellekti, min cür əziyyəti ilə öz işini görməyə çalışan jurnalistlərə üzündən oxumaq istedadınızın olduğunu göstərmək idisə, sizə səmimi qəlbdən inandıq. Amma biz sizdən jurnalistləri Azərbaycan Respublikasının Kütləvi informasiya vasitələri haqqında qanunundan xəbərdar olduğunuza inandırmağınızı istəyirik. Bunu edə bilərdinizmi, o söz-söhbətə vaxtında nöqtə qoymaq imkanınız yox idimi?..

Rəfiqə Əlisəfa

Share: