Ötən gün Masallıda baş verən və 8 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası uzun müddət yaddaşlardan silinməyəcək.
“Qafqazinfo” xəbər verir ki, sözügedən qəza 3 ailənin faciəsi ilə sonlanıb.
Ölənlərdən 3-ü bacı-qardaşdır. Bunlar Qoşmalıan kənd sakinləri Gültac və Aytac Məmmədovalar, qardaşları Elgün Məmmədovdur. Adıçəkilən mərhumlar qəzaya düşən “Mersedes Benz Vito”nu idarə edən Nizami Mustafayevin qapıbir qonşuları olublar.
Faciə nəticəsində digər vəfat edənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu isə Xocadoy kənd sakinləri olublar. Əldə etdiyimiz məlumata görə, ata və oğulları yaxın günlərdə kənddə keçiriləcək toy mərasimində iştirak etmək üçün yola çıxmışdılar.
Qəzada yaralanan Tağıyeva Miranə isə Kərvəz kəndindədir. O, qəzadan yaralı qurtulsa da, 3 yaşlı övladı Rufullayev Ayxan Natiq oğlu hadisə yerində keçinib.
Hazırda Bakıda müalicə aldığı deyilən Minarənin qardaşı Tağıyev Əlizahir Atalı oğlu da qəza nəticəsində həlak olub. Kənd sakinləri onu Rəşad adı ilə tanıyıb. Yaxınlarının bildirdiyinə görə, o, yaxın vaxtlarda hərbi xidmətə gedəcəkdi.
“Mersedes Benz Vito”nun sürücüsü Nizami Mustafayevə gəlincə, kənd sakinlərinin verdiyi məlumata görə, o, mehriban biri olub. Uzun müddət idi ki, Bakı-Lerik və əks istiqamətdə sərnişindaşıma ilə məşğul olurmuş. Hazırda həbs edilən 35 yaşlı sürücünün 4 övladı var.
Emin Səfərov