
“Biz Krımı Ukrayna millətçilərinin basqılarından müdafiə etməyə bilməzdik…”
Nədən Putin 2014-cü ildə tammiqyaslı müharibəyə başlamayıb?
Rusiya Ukraynaya qarşı 2014-cü ildə tammiqyaslı hərbi müdaxiləyə ona görə başlamayıb ki, rus ordusu belə həcmdə təcavüzə hazır olmayıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya hakimi Vladimir Putin “Rossiya-1” federal telekanalının efirində bəyan edib.
Rusiya Donbasda münaqişənin Qərb ölkələri tərəfindən dinc yolla həllinə ümid edib.
“Biz ümid edirdik ki, bütün məsələləri tamamilə dinc vasitələrlə həll edə biləcəyik. Biz heç vaxt hansısa qarşıdurmaya can atmamışıq. İndi isə aydın olub ki, bizi, sadəcə, aldadıblar. Bizim üzdəniraq tərəfdaşlarımız heç nəyi dinc vasitələrlə həll etmək niyyətində olmayıb”, – Putin bəyan edib.
“O zaman bizim hipersəsli silahımız olmayıb, indi varımızdır. Amma Rusiya Silahlı Qüvvələri onu faktiki olaraq tətbiq etməyib. Başqa silah sistemlərinə də malikik, amma 2014-cü ildə bunların heç biri olmayıb”, – o, jurnalist Pavel Zarubinin sualına cavabında deyib.
Putinin fikrincə, o zaman Rusiya iqtisadiyyatı Qərb sanksiyalarına hazır olmayıb, 2014-cü ildən sonra Rusiya idxaləvəzləməni aparmağa və maliyyə sistemini möhkəmləndirməyə müvəffəq olub.
Rusiya prezidenti həmçinin 2014-cü ildə Krımın ilhaqını da şərh edib. Onun sözlərinə görə, oraya Ukrayna “millətçiləri” “basqı göstərməyə” başlayıb, Rusiya onları müdafiə etməyə bilməzdi.
Hərçənd, elə həmin 2014-cü ildə Putin əmin edib ki, Krımda heç bir Rusiya qoşunları yoxdur, suveren Ukraynanın ərazisinə söxulan “balaca yaşıl adamlar”ın isə Rusiyaya heç bir aidiyyəti yoxdur.
2022-ci ildə Rusiya Ukrayna ərazisində “xüsusi hərbi əməliyyat”a başlayıb.
Putin qeyd edib ki, əməliyyatın məqsədi Donbasın dinc əhalisinin Kiyev hakimiyyətinin hərəkətlərindən qorumaqdır.