Şuşaya hər səfərdən sonra ölkə, az qala, ikiyə bölünür. Gedənlər sevinir, qalanlar inciyir. Doğrusu, mən də Şuşa azad olunandan ora getməyənlər, daha doğrusu, gedə bilməyənlər sırasındayam. Ancaq heç incimirəm ki, niyə başqaları?! Bir dəfə də məndən: “Siz niyə Şuşada deyilsiniz?!” deyə soruşmuşdu bir gənc məsləkdaşım. Belə cavab vermişdim: “Əsas odur ki, Şuşa bizdədir”.
Bəli, başqaları gedir. Amma Şuşa həm də o başqalarınındır axı. Hamımızındır. Sadəcə, heyfslənirəm ki, kaş gedə biləydim, yaxşı bir reportaj, oçerk, ya da bəd ayaqda bir bədii-publisistik esse yazardım. Düzünü deyim ki, hələ də Şuşadan oxumaq istədiyim yazını yazan olmayıb. Hamı gedib, şəkil çəkib və ya şəkil çəkdirib, gəlib. Yaxşı, biz gedə bilmirik (nə aparırlar, nə ora buraxırlar), heç olmasa, gedən qələm əhli bir yaddaqalan mətn yazsın. Yoxdu! Varsa da, mənə rast gəlməyib.
Hə, kəndimin yanından keçib Şuşaya gedirlər… Onu da keçdim. Hikmət Sabiroğlu niyə yoxdur bu səfərlərin birində?! Bunu az qala bütün media cəmiyyəti soruşur. Soruşmağına soruşursunuz da, dostlar. Əslində cavab elə sualın özündədir. Hikmət Sabiroğlu elə… Hikmət Sabiroğlu olduğu üçün qıraqda qaldı. Həm də ki biz – Qarabağlılar Şuşanı, Qarabağı uşaqlıqda və gənclikdə çox gəzib görmüşük. Qoy görməyənlər görsün, Şuşanın havasını alsın, özünün Şuşa həvəsini də alsın. Biz paxıl deyilik. Nə mən, nə Hikmət, nə uzaqdan baxan Vahid Qazi…
Əslində Ağdama səfərdən də sonra belə söz-söhbətlər olanda yazmışdım ki, bu incimələr-küsmələr, “Mən niyə gedə bilmirəm?!” sualları bir yandan adama xoş gəlir. Çünki baxın, görün, Qarabağdan başqa hara getmək üstündə dava var?! Hamı ölkənin hər yerinə gedir, gəzir, gəlir. Şəkil-filan da çəkdirib mənim kimi yay uzunu şəhərdən çıxa bilməyənlərə də “acıq verir”. Ancaq belədə hər yer hamı üçün əlçatandır. İstər ölkənin cənub-şərqinə get, istər şimal-qərbinə. Sənə kimdir nə deyən?! Puluna minnət! Ancaq Şuşa! Başqa söhbətdir.
Sadəcə, o “başqa söhbət”in məğzində olan bir şey xoşuma gəlmədi: bu umu-küsülərin mayasında dövlət rəhbəri ilə şəkil çəkdirmək istəyi də durur. “Başqası getdi, şəkil çəkdirdi, mən qaldım” düşüncəsi var. Qaldın, qaldın da. 10 milyondan çoxuq. Bütün dünyada 50 milyon varıq. Bu qədər adamın hamısının Prezidentlə şəkli olmalıdır? Buna fiziki imkan da çatmaz, heç gərək də yoxdur. Şuşa yenidən, daha gözəl biçimdə tikilib-qurulursa, bu, elə hamımızın şəklidir də. Şuşa zəfərinin şəklidir. Bundan daha yaxşı şəkil nəyə deyirsiniz ki?! Biz salamat qala bilsək, bu koronalı dövranın məngənəsindən sağ çıxsaq, günün bir günündə oturacağıq öz maşınımıza, avtobusa, qatara, ya da Füzuliyə, Laçına uçan təyyarələrə, gedəcəyik Şuşaya da, Kəlbəcərə də, hər yerə də. Hara tələsirik?!
Şuşa üçün indiki basabası görəndə düşünürəm ki, bəs biz 28 il hardaymışıq, görəsən?! Ki, Şuşa bir igidin ömrü qədər vaxtda işğalda qaldı. Hə, deməli, 1992-ci ildə doğulmuş o igidin bir ömür yaşayıb 28 yaşına çatmasını gözləmişik. Demişik, oxu, çalış, hazırlaş. Öyrən. Get, Şuşanı al. Al ki, biz ora rahat yolda avtomobilimizlə selfi etməyə gedək. Və sağ olsun o İgid! Sağ olsunlar Şəhidlər. Qazilər də var olsunlar! Bizə bu imkanı yaratdılar. İndi kimisinin bu imkana əli çatır, kimininki hələlik çatmır; bunlar önəmli deyil axı. Təfərrüatdır. Bu gün getmə, sabah get, birisigün get, o biri gün get…
Bu gün əslində biz Şuşaya, Laçına, Kəlbəcərə… deyil, Xankəndinə, Xocalıya, Ağdərəyə, Əskəran qalasına gedə bilməyin davasını döyməliyik. Azad olunmuş şəhərlərə, kəndlərə onsuz da gec-tez gedə biləcəyimizi bilirik. Ancaq hələ Rusiya “sülhməramlı”larının nəzarətində – erməni birləşmələrinin əlində olan şəhər və kəndlərə gedə bilirikmi?! Yox! Yumşaq desək, hələ yox. Bunu düşünürük.
“Bu gün biz niyə Şuşaya gedə bilmirik?!” deyə düşünməyək. Ən azı tək bunu düşünməyək. Ancaq düşünək: niyə bizim əsgərimizi Ağdərədə – öz torpağında tutub girov götürə bilirlər?! Sual budur. Bu gün biz öz dövlətimizdən icazə almadan durub Kəlbəcərə, Şuşaya, Laçına, elə lap Ağdama getmək istəsək, bizi uzaqbaşı blok-postlardan öz əsgərimiz geri qaytaracaq. Deyəcək: “İcazə verilmir”. Biz də çox da sorğulamadan geri dönəcəyik, düzdürmü?! Heç kim bizi asan-kəsən deyil ki! Ancaq bir yoxla, gör, Ağdərəyə, ya Xocalıya keçə bilərsən?! Xankəndini demirəm.
Bax, Şuşa səfərindən qıraqda qalan narazı ziyalılarımız da bu haqda daha çox düşünsün. Biz dövlətə, orduya,diplomatlarımıza bu işdə necə dəstək verə bilərik?! Biz Xankəndinə, Ağdərəyə… gedəcəyimiz günü necə yaxınlaşdıraq?! Nəsə edə bilərikmi?!
… Bəri başdan deyim ki, vaxtı çatanda Şuşa kimi, oralara da getməyin davasını döyməyəcəm. Söz verirəm. Ağdərədə də olmuşam (həm də müharibə vaxtı – Ağdərə azad olunanda), uşaqlıq çağlarımda Xankəndinə də getmişəm. Əskərandan da keçmişəm… Mənim dərdim ora səyyah kimi gedə bilmək dərdi deyil hələ, bayrağımızı apara bilmək dərdidir. Turist marağım bayrağımdan daha öndə deyil, ola da bilməz. Ömrümün qalan illərini Xankəndinin küçələrində, Ağdərənin vəhşi təbiətində gəzmədən də keçirə bilərəm. Lap Şuşanı təkrar görmədən də ölmək olar. Təki bütün Qarabağ Azərbaycan olsun! Çünki Qarabağ, doğrudan da, Azərbaycandır. Bütün azərbaycanlıların qibləgahıdır. Buna görə Şuşaya gedənlərin də, hələ gedə bilməyənlərin də hisslərini anlayıram. Müqəddəs yer(lər) boş qala bilməz axı!
Bahəddin Həzi