BMT-nin baş katibindən dünya ictimaiyyətinə MÜRACİƏT

BMT-nin baş katibi Antoniu Quterreş 30 iyul Ümumdünya insan alverinə qarşı mübarizə günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

 

Modern.az xəbər verir ki, müraciətdə deyilir ki, insan alveri insanların əsas hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır.

 

“Münaqişə və qeyri-sabitlik zamanı genişlənən insan alverinin qurbanları zəif təbəqədən olan insanlardır. Bu gün, artan bərabərsizliklər, pisləşən iqlim fəlakətləri və əhalinin yerdəyişməsində qeydə alınan rekord rəqəmlər fonunda insan alverçilərinin hədəfinə düşənlərin sayı daha da artır. Müəyyən edilmiş qurbanların əksəriyyəti qadın və uşaqlardır. Onların çoxu qəddar zorakılığa, məcburi əməyə, dəhşətli cinsi istismara və sui-istifadəyə məruz qalır. Buna baxmayaraq, insan alverçiləri cəzasız qalaraq fəaliyyətlərini davam etdirirlər. Onların cinayətlərinə demək olar ki, kifayət qədər diqqət yetirilmir. Bu yanaşma dəyişməlidir”, – müraciətdə bildirilir.

 

Quterreş qurbanların aşkarlanması və müdafiəsinə daha çox sərmayə yatırmağın vacibliyini vurğulayıb:

 

“İnsanları əşya kimi satan cinayətkarların məhkəmə qarşısında cavab verməsi üçün hüquq-mühafizə orqanlarını gücləndirməliyik. Biz həmçinin insan alveri qurbanlarının həyatlarını yenidən qurmaları üçün daha çox iş görməliyik. Ümumdünya insan alverinə qarşı mübarizə günündə gəlin insan alveri qurbanlarını aşkar etmək, qorumaq və dəstəkləmək üçün səylərimizi ikiqat artıraq və heç bir insan alveri qurbanını diqqətdən kənarda qoymayaq. Gəlin birlikdə heç kimin satılıb-alınmadığı və istismar edilmədiyi bir dünya quraq”.

Mənbə

Share: