“BÖLÜNMÜŞ XALQ” STATUSUNU NECƏ ƏLDƏ EDƏK?

İGİD TEYMURLU

“QƏZA”, “VİLAYƏT” SEVGİSİNİN TƏRS MÜTƏNASİBLİYİ

Ölkədə inzibati ərazi bölgülərinin aparılması, idarəetmədə mərkəzləşmə prinsiplərinin inkişaf etdirilməsinə bağlı atılan və atılacaq addımlar hələ ki, “müharibə şəraitində yaşayan” cəmiyyətin real imkanlarıyla tərs mütənasibdir. Biz “BÖLÜNMÜŞ XALQ” olaraq öz imkanlarımızı birləşdirə bilmişikmi və həm ölkə içində, həm də ölkə dışında buna mane olan səbəblər nədir? Öncə bunu arayaq, nədənlərini öyrənək, sonra qəzalardan, vilayətlərdən, quberniyalardan danışaq…

Öncə “elektron hökumət”in qurulması üçün bölgələrdə gərəkən addımlar atılmalı, problemlər aradan qaldırılmalıdır. Və bu bu proses heç də yerli icra hakimiyyətlərilə bələdiyyələrin gücü daxilində deyil. Çünki bütün bunlar böyük para tələb edir.

Ərazi bölgülərində hansısa dəyişikliyin edilməsi Naxçıvan, Gəncə, Bakı kimi inzibati ərazi vahidlərində mümkündür. Və zatən Bakıda, Naxçıvanda, yaxud Gəncədə ayrı-ayrı rayonları yaradıb büdcə xərclərini artırmağa heç ehtiyac da yox. Amma tutaq ki, bütün Qarabağın, bütün şimal rayonlarının, yaxud bütün cənub rayonlarının bir mərkəzdə birləşdirilməsi, həmin mərkəzlərə əlavə hansısa statusların verilməsi müəyyən faktorlar baxımından effektiv deyil. Büdcə üçün effektiv variantlardan biri işğal olunmuş rayonlarımızın icra strukturlarının çozxdan ləğv edilməsi idi ki, bundan da istifadə edilmədi. Əslində bu addım atılsaydı, onun özü də Azərbaycan üçün həm də bir təcrübə olacaqdı.

Olunmadı. Əvəzindəsə işğal altında inzibati ərazi vahidlərinin icra aparatları “fəaliyyətdə” olmaqla büdcə xərcləri birə beş artdı. qaçqın və məcburi köçkünlər üzrə Dövlət Komitəsi var idisə belə icra strukturlarına ehtiyac yox idi. Zatən bu icra strukturlarının fəaliyyətində bir formallıq var…

Özlüyündə bu, idarəetmədəki çoxpilləlilik kimi bürokratik prinsipiləri aradan qaldırsa da, ancaq belə gediş yaranışıyla həm də qonşuluğumuzda Azərbaycana münasibətdə dağıdıcı mövqe tutan qüvvələrə sanki şans vermiş olur. Üstəlik qalaq-qalaq yerli problemlərin bir mərkəzdən həll ediləcəyi hələ ki, Azərbaycan məmurunun əksəriyyətinin təfəkkürüylə düz mütənasib deyil. Kommunal problemlərin aradan qaldırılmasında aidiyyatı nazirlik və komitələr kağız üzərində deyil, gerçək həyatda real iş görməlidirlər. Maddiyyatın aşağı olduğu bir dönəmdə bir rayondan başqa bir rayona gəlib getmək ailə büdcəsinə sarsıdıcı zərbə endirir. İnternet resursları ilə əhalinin təminatı və qiymətlərin əhalinin imkanları səviyyəsinə endirilməsi hesabat xarakterli məruzələrdə deyil, millətin yaşam tərzində öz əksini tapmalıdır. Ən azından deyilənlər həllini tapmayana qədər bu istiqamətdə addım atmaq olmaz.

VƏ ƏN ƏSASI: Azərbaycan ərazi baxımından balaca bir ölkədir və balaca olduğu qədər də mərkəzləşdirmə siyasəti əhalinin demoqrafiyası baxımından elə yaxın tariximizin timsalında böyük suallar doğura bilən və biləcək məqamlara şahidlik edib, həm də edə bilər. Bu baxımdan belə bir addım atılarsa zamanında başımıza gələn və gələ biləcək həmin gerçəklik baxımından məmləkəti labirintə düşmək qorxusu gözləyir.

İnzibati ərazi vahidlərinin ləğv edilərək bölgə rayonlarının mərkəzləşdirilməsi “yerli idarəetmədə olan bürokratiya”nın sonradan daha böyük çərçivədə hərəkətə gətirilməsidir.

Üstəlik bunun bölgələrə transferi yaşam imkanları onsuz da çox aşağı səviyyədə olan yerli əhalini daha da çətin duruma salacaq. Biz elektron dövlətdən danışırıq. Bəyəm bu gün ölkə başdan-başa telefonlaşdırılıbmı? Bəyəm bu gün bütün ölkənin vətəndaşlarının internetə çıxış imkanları normal şəkildə öz həllini tapıbmı? Nəinki bölgələrdə, heç paytaxt Bakının özündə belə bu problem tam şəkildə həllini tapmayıb. Öyləsə elektron hökumətdə və inzibati ərazi vahidlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsində vətəndaşı yeni problemlərlə üz-üzə qoymaq nəyə lazım?

Əhalinin maddı durumu internet resurslarından yetərincə istifadə etməyə imkan verirmi?

YOX!

Mən hələ bürokratik əngəllər ucbatından yol ölçməyə məcbur qalacaq əhalinin çətinləşəcək maddi durumlarından yazmıram. Mən Yardımlı xəstəxanasından bir kağız almaq üçün nədən Lənkərana gəlməliyəm? Yaxud Lənkərandan o kağızı almaq üçün bu gün Yardımlının kəndlərində internet resursları mövcuddurmu?..

Çatışmazlıqlar aradan qaldırılmalıdır ki, insan kapitalına önəm verməklə onların hüquqlarını qoruya bilək. YOX bu hüquqlar tapdalanacaqsa, dövlətçiliyimizin ən böyük gücü sayılan insan kapitalının imkanlarından hansısa etibarlı sığınacaqda bir anı gözləməkdə olan qüvvələr başqa məqsədlər naminə istifadə edəcəklərsə, insanlıq maddi imkanlar və idarəetmədəki mərkəzləşdirmənin şərtləri çərçivəsində “fəaliyyətin yüngülləşdirilməsi, xərclərin azaldılması” adı altında faktiki olaraq çıxılmaz labirintə salınacaqsa, bax onda bu tərs mütənasiblik qorxulu bir tendensiyadır. Biz “müharibə şəraitində yaşayırıq”sa, demək ki, haqqında düşünəcəyimiz, həllini gözləyən ilk məsələ torpaqlarımızın azad edilməsi və BÜTÖVLÜYÜMÜZ olmalıdır. Yaxşı olar ki, fəaliyyətimizi “bölünmüş xalq” statusumuzu necə əldə etmək planları üzərində qurub parçalanmış Vətənimizi bütövləşdirək…

Share: