Boşanma sayını artıran səbəb budur – Hüquqşünas

Boşanma sayının artmasına səbəb olan həm də Tiktok və İnstaqramda özünü “münasibət mütəxəssisi” kimi qələmə verən, əslində özlərinin heç bir ciddi və uzun ömürlü münasibəti olmayan şarlatan və maskalı insanlardır.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünasFərhad Mehdiyev qeyd edib.

“Məsələn rəfiqəsi ilə kafedə oturan qız rəfiqəsini kameradan kənarlaşdırır. Masada 2 ədəd qədəh var və yazır: “Hər görüşünüz ilk görüşünüz kimi həyəcanlı olmalıdır”. Bunu oxuyan, 2 uşaq anası olan Fatmanisə gözləyir ki, əri evə gələndə əlində buket gətirsin. Günlük 30-40 manat qazanan əri Mamed də, uşağın repetitor pulunun vaxtını gəldiyini düşünərək, 1-2 saat artıq işləməli olur. Axşam evə gec gəlir, başını atıb yatır. Fatmanisə də düşünür ki, Mamed onu artıq sevmir. Əslində isə Fatmanisəni sevməyə problemlər şərait yaratmır. Bir də bunu qeyd etməyi unutmuşdum: axı müxtəlif terapevtlər də Fatmanisəni inandırıb ki, talehi öz əlindədir, özü işləyib milyoner ola bilər. O da verir boşanmaya, ailə olur pərişan”, – F.Mehdiyev bildirib.

Hüquqşünas əlavə edib ki, gənclər yuva qurmaq üçün evlənmir:

“İlkin tanışıqlıq vaxtı yaşadıqları o həyəcan üçün ailə qururlar, amma o həyəcan təbii olaraq kəsilir, o romantik görüşlər artıq olmur. Onların yerinə daha əvvəl valideyinlərin çəkdikləri məişət problemləri üzə çıxır və həllini gözləyir-bunun da sonunun necə olduğu bəllidir”.

Share: