Bosniya və Herseqovina KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ərəfəsində Azərbaycanla bağlı silsilə məqalələr yayımlayıb.
AZƏRTAC xəbər verir ki, nüfuzlu media qurumlarında yayılan informasiyalarda Prezident İlham Əliyevin geniş tərkibli nümayəndə heyəti ilə Bosniya və Herseqovinaya səfəri iki ölkə arasında əlaqələrin daha da zənginləşməsi üçün dəyərli imkan kimi qiymətləndirilib.
“hayat.ba” saytında yayımlanan məqalədə Bosniya və Herseqovinanın Azərbaycanla əməkdaşlıq potensialından tam istifadə etmədiyi təəssüflə qeyd olunub. Məqalədə Azərbaycanın son onilliklərdə enerji ixracı sahəsində təsirli iqtisadi artım qeydə almış ölkə kimi dəyərləndirilib. Bildirilib ki, bu artım öz növbəsində Azərbaycanın geosiyasi imkanlarını gücləndirib. Yazıda, həmçinin Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfərinin hər iki ölkəyə böyük fayda gətirəcək əməkdaşlığın yeni dövrünü açacağı qeyd edilib.
“etto.ba” saytında dərc edilən məqalədə Prezident İlham Əliyevin bu səfərinin hər iki ölkə üçün mühüm əhəmiyyəti qeyd edilib. Azərbaycanın iqtisadi və siyasi yüksəlişi Bosniya və Herseqovinanın ölkəmizlə daha dərin əlaqələr qurması üçün əsas səbəblərdən biri kimi göstərilib. “Azərbaycan sübut edir ki, ağıllı xarici siyasət, hətta kiçik ölkələr üçün də manevr yolu açır”, – deyə məqalədə vurğulanıb.
Anadolu agentliyinin Balkan versiyasında yayımlanan məqalədə Azərbaycanla Bosniya və Herseqovina arasında diplomatik münasibətlərin tarixi analiz edilib. Məqalədə bildirilib ki, Bosniya və Herseqovina Azərbaycanın sübut olunmuş dostudur və bu, dövlət qurumları tərəfindən qəbul edilmiş son dərəcə mühüm sənədlə təsdiqlənir. Məhz 2014-cü il aprelin 29-da Bosniya və Herseqovina “Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək haqqında” Qərar qəbul edib. Bununla da Bosniya və Herseqovina öz institutları vasitəsilə haqqın tərəfində durmağa və Azərbaycan xalqına, eləcə də hüquqi institutlarına dəstək verməyə hazır olduğunu nümayiş etdirib. Yazıda, eyni zamanda, iki ölkə arasında anlaşmanın yüksək səviyyədə olduğu və bunun qarşıdan gələn böyük layihələr üçün əla başlanğıc nöqtəsi ola biləcəyi qeyd edilib.
“intelektualno.com”, “balkannews.ba” saytları da Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri ilə bağlı və ölkələrimiz arasındakı əlaqələri, tarixi oxşarlıqları əks etdirən məqalə dərc edib. Bildirilib ki, 1990-cı illərin əvvəllərində hər iki ölkə Avropadakı siyasi dəyişikliklərin nəticəsi olan oxşar problemlərlə üzləşdi. Azərbaycan SSRİ-nin, Bosniya və Herseqovina isə Yuqoslaviyanın parçalanmasından sonra tələsik ölkənin bərpasına başlamaq məcburiyyətində qaldı. Lakin Azərbaycan bunu bir qədər sürətlə edə bildi. Əlbəttə ki, bunun üçün əsas amillərdən biri Azərbaycanın ildən-ilə artan iqtisadi gücü oldu.
TRT balkan versiyasında, “slobodna-bosna.ba” və “politicki.ba” saytları da Bosniya və Herseqovina ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrindən bəhs edən məqalə dərc ediblər. Bosniya və Herseqovina ilə Azərbaycan arasında əməkdaşlığın hər iki ölkə potensialına adekvat olmadığı, daha yüksək nəticələr əldə edilə biləcəyi qeyd olunub. Yazılarda Bosniya və Herseqovinanın Azərbaycan üçün potensial investisiyalar baxımından münbit zəmin olduğu diqqətə çatdırılıb.
“klix.ba” saytında isə Prezident İlham Əliyevin səfərinin hər iki ölkə üçün nə kimi yeniliklər gətirəcəyi barədə müsahibə yayımlanıb. Tarixçi, beynəlxalq əlaqələr üzrə professor Yahjo Muhasiloviç Bosniya və Herseqovina ilə Azərbaycan arasındakı əlaqələrdən, iki ölkə arasında əməkdaşlıqdan, enerji məsələlərindən və bu səfərin ölkələrimiz üçün açacağı imkanlardan danışıb. O bildirib ki, Azərbaycan öz regionunda bir gücdür və gələcəkdə beynəlxalq arenada daha vacib amil olacaq. Buna görə də Bosniya və Herseqovinanın Azərbaycanla əməkdaşlığı çox vacibdir. Həmçinin diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin səfəri layihələrin və investisiyaların artırılması üçün geniş imkanlar açır.
“oslobodjenje.ba” saytında yayımlanan məqalədə də Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfərindən, müzakirə oluna biləcək məsələlərdən bəhs edilib. Bildirilib ki, səfər zamanı aparılan müzakirələrdə iqtisadi və enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetiriləcək.