“Belə addımlar ukraynalılara Böyük Britaniya və NATO-nun digər ölkələrindən daha çox müstəqil olmağa imkan verəcək…”
“Beynəlxalq Müdafiə Alyansı”nı imzalayan şirkətlərdən biri də Türkiyənin “Baykar” şirkətidir və bu şirkət artıq Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edən zavodun tikintisinə başlayıb…”
Böyük Britaniya ukraynalı hərbçilərin hazırlıq proqramını genişləndirəcək, həmçinin təlimi və hərbi texnika istehsalını Ukrayna ərazisinə keçirəcək.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps “The Daily Telegraph” qəzetinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, belə addımlar ukraynalılara Böyük Britaniya və NATO-nun digər ölkələrindən daha çox müstəqil olmağa imkan verəcək.
Şepps deyib ki, artıq Britaniya Baş Qərargahının rəisi Patrik Sanders və digər hərbçilərlə bu məsələ ilə bağlı danışıqlar aparıb.
“Mən bu gün onlara dedim ki, tez-gec Rusiya öz qoşunlarını Ukraynadan çıxarmalıdır. Mən onlara həmçinin dedim ki, nəticə etibarilə təlimlər Ukrayna ərazisinə yaxınlaşdırılmalı və faktiki olaraq oraya keçirilməlidir”, – Şepps bəyan edib və əlavə edib ki, Britaniyanın müdafiə şirkətlərinə Ukraynada zavodlar açmağa çağırış edib.
Bu bəyanatlarla britaniyalı nazır Beynəlxalq Müdafiə Sənayeləri Forumunun keçirildiyi Kiyevə səfərindən sonra çıxış edib. Bu forumda 30 ölkədən 252 müdafiə şirkəti iştirak edib.
Şepps deyib ki, forumun gedişində Ukrayna prezidenti Vladimir Zelenski ilə Britaniya Hərbi-Dəniz Donanmasının Qara dənizdə kommersiya gəmilərinin Rusiyanın hücumlarından müdafiədə rolunu, qış ətəfəsində Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini, həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair danışıqların başlanmasını müzakirə edib.
“The Daily Telegraph” qeyd edir ki, Britaniya müdafiə nazirliyinin adıçəkilən addımları “Böyük Britaniyanın Ukraynanın Rusiya təcavüzündən müdafiəsində iştirakını xeyli gücləndirəcək”.
Ötən həftə prezident Vladimir Zelenski “beynəlxalq hüquq və təhlükəsizliyin gerçək müdafiəsi” üçün Beynəlxalq Müdafiə Sənayeləri Alyansı”nın yaradılmasını elan edib.
Zelenski məlumat verib ki, Ukrayna Alyansın əsası olaraq müvafiq baza bəyannaməsini işləyib hazırlayıb və istənilən ölkənin silah və hərbi texnika istehsalçıları buna qoşula bilər.
“Bu gün başlanğıc olaraq biz artıq Ukrayna ilə birlikdə azad dünyanın yeni arsenalını qurmağa hazır olan 13 görkəmli şirkətlərlə bu bəyannaməni imzalamışıq”, – o, deyib.
Bəyannaməni imzalayan şirkətlərdən biri də Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarını istehsal edən “Baykar” şirkətidir. Şirkətin baş direktoru Haluk Bayraktarın deməsinə görə, şirkət artıq Ukrayna ərazisində zavodun tikintisinə başlayıb.