“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) rəsmi Bakının izni olmadan Xankəndidə ofis açması Azərbaycanın ərazi bütövlüyünə aşkar hörmətsizlikdir. Başlanğıcdan BQXK belə bir hüquqa malik deyil. Bu, beynəlxalq hüquqla, beynəlxalq təşkilatın fəaliyyət prinsipləri ilə ziddiyyət təşkil edir”.
Milletinsesi.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir deyib. Deputat qeyd edib ki, bir çox beynəlxalq təşkilatlar kimi, Qırmızı Xaç Komitəsi də keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hələ də qeyri-obyektiv davranır, ədalətsiz mövqe nümayiş etdirir:
“Təbii ki, birmənalı olaraq, Xankəndidə – Azərbaycanın ərazisində – fəaliyyət göstərən istənilən ofislər, rəsmi Bakıya, yaxud BQXK-nın Bakıdakı nümayəndəliyinə tabe etdirilməlidir. Bu, heç müzakirə predmeti belə deyil, bu haqda qərarı təxirə salmadan müvafiq instansiyaların özü, ən başlıcası isə Beynəlxalq Qırmızı Xaç Komitəsi verməlidir.
Azərbaycan, təbii ki, tələbini irəli sürəcək. Çünki bir daha vurğulamaq yerinə düşərdi ki, Azərbaycan ərazisində hansısa beynəlxalq təşkilatın bir ofisinin Ermənistandakı ofisə tabe olması ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına almaqdır. Halbuki, Ermənistanın özü Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayır”.
Elşad Mirbəşir qeyd edib ki, Avropada da oturuşmuş yanaşma Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığıdır:
“Bu, təbii ki, Azərbaycanın, Azərbaycan Prezidentinin iradəsi sayəsində mümkün oldu, bizim formalaşdırmış olduğumuz yeni reallıqlar sayəsində baş verdi. Ona görə Azərbaycanın ərazisindəki istənilən ofis rəsmi Bakının nəzarəti altında fəaliyyət göstərə bilər. Bunun alternativi yoxdur. Hesab edirəm ki, məsələ tez bir zamanda öz həllini tapacaq. Bu istiqamətdə rəsmi Bakı, digər sahələrdə olduğu kimi, öz güclü iradəsini nümayiş etdirəcək”.