Britaniya tez bir zamanda Ukraynaya “Stormer HVM” zirehli raket qurğuları göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə “San” qəzeti Britaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
“Heç kimə sirr deyil ki, Britaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri ilə kömək edəcəyinə söz verib. Müdafiə naziri bu həftə parlamentdə bununla bağlı açıqlama verəcək”, – nəşr bildirib.
Qəzet yazıb ki, iki həftə əvvəl Britaniya Müdafiə Nazirliyi Solsberidəki sərgidə ukraynalı həmkarları üçün “Stormer” buraxılış qurğusunu nümayiş etdirib.
Qeyd edək ki, “Stormer” “BAE Systems” şirkəti tərəfindən istehsal olunub. Onun idarə olunması üçün cəmi 3 heyət üzvü və “Starstreak” raketləri tələb olunur. Bu raketlərlər vasitəsilə düşmənin alçaqdan uçan təyyarə və helikopterlərini vurmaq mümkündür.
Britaniya qoşunlarının Əfqanıstandakı keçmiş komandanı Riçard Kempin sözlərinə görə, “Stormer/ Starstreak” kombinasiyası Rusiya ordusuna ciddi zərbələr vuracaq və Ukraynanın döyüş qabiliyyətini gücləndirəcək.