Böyük Britaniya Kraliçası II Elizabetin meyiti olan tabut Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Corc ibadətgahındakı kral məzarına endirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, mərhumun ailə üzvlərinin, kral sarayının keçmiş və indiki əməkdaşlarının, Böyük Britaniyanın Baş naziri Liz Trassın, Böyük Britaniyanın baş qubernatorlarının iştirak etdiyi anım mərasimi Kanterberi arxiyepiskopunun – İngiltərə kilsəsinin dini rəhbəri Castin Uelbinin duası ilə başa çatıb.
II Elizabetin dəfn mərasimi ilə bağlı keçirilən kütləvi tədbirlər Böyük Britaniya himninin oxunması ilə başa çatıb.
Bundan sonra Kral III Çarlz və kral ailəsinin üzvləri ibadətgahı tərk edərək Vindzor qəsrinə yollanıblar.
Axşam saatlarında Müqəddəs Corc ibadətgahında yalnız hakim sülalənin nümayəndələrinin iştirakı ilə bağlı qapılar arxasında baş tutacaq özəl mərasim keçiriləcək.
14:03
Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi başlayıb.
“Report” xəbər verir ki, mərasim Vestminster abbatlığında keçirilir.
Vidada Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.
Kraliçanın tabutu abbatlığın əsas mehrabına qoyulub.
Onu son mənzilə Kanterberi arxiyepiskopu Castin Uelbi iki min qonağın – kral ailəsinin üzvləri və dünyanın müxtəlif ölkələrindən olan siyasətçilərin iştirakı ilə yola salacaq.
Xor XVIII əsrə aid dövlət dəfnlərindəki ənənə olan İncildən sətirlər oxuyur.