Sərt karantin elan olunan ərazilərdə karantin postlarından cərimələnərək geri qaytarılan nəqliyyat vasitələri digər postlardan keçməyə cəhd edərsə, yenidən cərimələnə bilər.
Milletinsesi.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bəzən bu cür hallara da rast gəlinə bilər:
“Ola bilər ki, nəqliyyat vasitəsi postda saxlanılır, cərimələnərək geri qaytarılır. Amma həmin şəxs digər ərazidəki karantin postundan keçməyə cəhd edir. İcazəsiz evdən çıxdığı üçün həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə cərimələnərək geri qaytarılır. Həmin şəxs əgər digər postdan keçməyə cəhd edərsə, o yenidən həmin maddə ilə təkrar cərimələnir”.
K.Əliyev bildirib ki, növbəti şənbə-bazar günləri də sərt karantin elan olunan şəhər və rayon ərazilərində karantin postları yenidən qurula bilər:
“Bu barədə hələ dəqiq qərar yoxdur. Vəziyyətin gedişindən asılıdır. Əgər zərurət olarsa, marşrut postları və xüsusi texniki vasitələrlə də yollarda nəzarət gücləndirilə bilər”.