“Bu dərd bizimlə qəbrə qədər gedəcək”

“Heç bir şəhid anası övladını unuda bilməz. İllər ötsə də, bu dərd analarla qəbrə qədər gedəcək”.

 

Bunu Modern.az-a Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Yusifzadə deyib.

 

Şəhid anası bildirib ki, Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük müharibə dillərə dastan olub:

 

“Müharibənin başlamasından iki il keçir. Şəhidlərimizi bir dəqiqə belə unutmaq mümkün deyil. Generalımız Polad Həşimov igidlərimizə elə yol göstərdi ki, hamı ayağa qalxdı, balalarımız ölümün gözünə dik baxdılar. Övlad itkisi nə qədər ağır olsa da, şəhidlərimiz Azərbaycan üçün işıqlı səhər açdılar. Bir var evdən gedən, bir də var eldən gedən. Şəhidlərimiz elimizin övladlarıdır. Xudayar və onun döyüş yoldaşları şəhidlik zirvəsinə ucalana qədər bizim övladlarımız idilər, amma indi onlar Azərbaycan xalqının övladlarıdır”.

 

Şəhid anasının sözlərinə görə, Xudayarın ifa etdiyi “Vətən yaxşıdır” mahnısı onun Azərbaycan xalqına vəsiyyətidir:

 

“Xudayarın ifa etdiyi videonu o şəhid olduqdan 18 gün sonra görmüşdüm. O ifa təkcə Xudayarın deyil, bütün şəhidlərin səsi, naləsi, haray idi  Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhid analarına, yaxınlarına dözülməyən bu dərdə dözüm versin”. 

 

Qeyd edək ki, Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

 

X.Yusifzadə Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Onun döyüşlər zamanı ifa etdiyi “Vətən yaxşıdır” təsnifi hələ də dillər əzbəridir.

 

Elmar Hüseynov

Mənbə

Share: