Bu gün Aşuradır

Bu gün Aşura günüdür.

 

Millətin Səsi.az  xəbər verir ki, Aşura məhərrəm ayının 10-cu günü qeyd olunur.

Bu il məhərrəm ayının 10-cu günü – Aşura avqustun 19-na təsadüf edib.

Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.

Məhərrəmlik ayinləri bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində davam edib. Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutub. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə ediblər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.

Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları bu il də Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq. Aksiya xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməklə donorların sağlamlığı yoxlanıldıqdan sonra reallaşacaq. Müəssisədə mütəmadi olaraq profilaktik dezinfeksiya və digər zəruri təhlükəsizlik tədbirləri görülür.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri məhərrəm ayının başlaması ilə əlaqədar vətəndaşlara müraciətdə bildiriblər ki, son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir: “Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək pandemiya səbəbindən qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında İmam Hüseyn xatirinə ehsan niyyəti ilə qan verəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb-səhifəsində (www.qafqazislam.com) yerləşdirilib”.

Share: