Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistanın XİN başçıları ilə üçtərəfli danışıqlar aparacaq.
Modern.az Rusiya XİN-ə istinadən xəbər verir ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada keçiriləcək görüşdə “Qarabağ ətrafında gərginliyin azaldılması yollarını”, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin intensivləşdirilməsini təhlil edəcəklər.
Nazirlər, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər əsas yollarını, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılmasını, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını, ekspertlər arasında təmasları, parlamentarilər arasında dialoqun başlanması kimi məsələləri müzakirə edəcəklər.
Ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb.
Xatırladaq ki, Rusiyada sonuncu dəfə XİN başçıları səviyyəsində görüş mayın 19-da baş tutub. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Nazirlər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.