
“Ordu hələ Şoyquya qədər zəhərlənib, Şoyqu isə onun axırına çıxıb, indi ordu pulkəsən maşını xatırladır…”
“Bu gün orqanizm elə ağır xəstəliyə düçar olub ki, çox mürəkkəb cərrahi müdaxilə lazımdır…”
“Yeddi min generaldan 200 nəfərini saxlayıb, qalanlarını təqaüdə göndərmək lazımdır, onlar tamamilə yararsızdır…”
Yevgeni Priqojin Rusiyada inqilab və vətəndaş müharibəsi təhlükəsindən danışıb
“Vaqner qrupu” özəl hərbi şirkətin təsisçisi və baş sponsoru Yevgeni Priqojin döyüş əməliyyatları zonasında vəziyyət haqqında danışıb və növbəti dəfə Rusiya Müdafiə Nazirliyinin məmurlarını tənqid edib.
Moderator.az xəbər verir ki, bu barədə o, “Siqnal” “Telegram-kanal”a geniş müsahibəsində bəyan edib. Məlumatı “u74.ru” nəşri yayıb.
Priqojin növbəti dəfə Ukrayna Silahlı Qüvvələrini (USQ) tərifləyib və bəyan edib ki, ukraynalılar “tamamilə normal taktikaya” malikdir.
“Onlar hər şeyi düz edir, – qanlı oliqarx qeyd edib. – Düşmənin taktikası və düşüncələri eynilə bizimki kimidir. Mən indi USQ-yə rəhbərlik etsəydim, düşünürəm ki, biz artıq Moskva ətrafında olardıq. Onlar, sadəcə incə davranır, hər şeyi uzadır və zərbə endirir. Onlar bu zərbəni gücləndirəcək. “Leopard”lar gəlməkdə davam edəcək, amma biz buna hazır olmalıyıq.
Biz Artyomovsku alıb, Çasov Yara, Slavyanska, Kramatorska, Severskə, daha sonra İzyuma doğru hərəkət etməliydik. Biz onların planlarını pozmalıydıq. Bunu kim edəcək? Poliqonda iki gün olan “səfərbər edilənlər”? Adamlar oturub araqdan vurur, nə işlə məşğul olacaqlarını bilmir. İdarəetmə yoxdur. Nüfuzlu adamlar yoxdur, olanlar isə heç nəyə yaramayan cılızlardır”.
“Putinin aşpazı”nın fikrincə, Rusiya cəmiyyəti Ukrayna müharibəsində baş verənlər barədə bütün həqiqəti bilməlidir.
“Biz bir il ərzində susmuşuq! – Priqojin deyib. – Bir il biz qoyunlar kimi kəsilməyə getmişik. Cəmiyyət bilməlidir ki, problem total xarakter daşıyır. Siz həkimə gedirsiniz, dərdinizi öyrənirsiniz. Şiş varsa, onu kənar etmək lazımdır.
Bu gün orqanizm elə ağır xəstəliyə düçar olub ki, çox mürəkkəb cərrahi əməliyyat lazımdır.
Mən dəfələrlə müxtəlif instansiyalarda bu barədə məruzə etmişəm, amma heç kimin vecinə də deyil. Rəhbərlik nə ilə məşğuldur? Xüsusi əməlyyat başlayanda Şoyqu da, Gerasimov da tamamilə zibilin içində olub, qorxublar ki, prezident onları rədd edəcək. Amma rədd etmədilər.
İndi onlar özlərinin cəzasız qalacaqlarına tamamilə əmindir. Onlar buna əmin olanda isə vəziyyətin yaxşılaşması üçün heç nə etmir.
Münaqişənin başlanmasından bir ildən artıq zaman keçib, yaxşılığa doğru geç nə dəyişməyib. Ona görə də bu barədə danışmaq və haray salmaq lazımdır”.
Baş “vaqnerçi” əmindir ki, Rusiya ordusunun radikal islahatlara ehtiyacı var.
“Xidmətdə olan 7 min generaldan gerçəkdən 200 nəfərini saxlamaq, alanlarını təqaüdə göndərmək lazımdır. Onlar tamamilə yararsızdır”, – muzdlular ordusunun rəhbəri hesab edir.
Bu zaman Priqojin əmindir ki, Rusiyada mövcud vəziyyətin dəyişilməsi üçün heç bir “addım” gözləmək lazım deyil. Hər halda müharibə Rusiyanın özünə gələnədək heç nə dəyişməyəcək.
“Heç bir addım yoxdur. Amma Belqorod vilayətində hər çey Belqoroda sürüşüb gələndə, Tula, Ryazan, Voronejə təhlükə törədəndə, o zaman addımlar atılacaq. Amma indi onların heç vecinə də deyil. Onların hansı problemi var ki? KİV-lər susur, televizor hər şeyin əla olduğunu deyir. Volodya Solovyov əla oğlandır, amma dediklərini deməyə məcburdur”.
Priqojin hesab edir ki, Rusiyada yaranmış pat vəziyyətindən çıxmaq üçün ölkənin idarə edilməsində sərt “Stalin metodları” gərəkdir.
“Bu gün üçün biz uduzuruq, hər şey cəmiyyətin nə qədər səfərbər olunacağından asılıdır, – rusiyalı “sərkərdə” cəbhədəki vəziyyəti dəyərləndirib. – KİV-lər həqiqəti desələr, bir sıra adamlar kənarlaşdırılacaq.
Əvvəlcə prezident onları kameraya salacaq, sonra güllələyəcək. Bir çoxları gedib döyüşməlidir. İdarə etməyi bacaran insanlar da var. Bu gün ən əsası yaltaqlandınsa, sən yaxşısan. Belə generallar çoxdur. Kimdən söhbət getdiyini yaxşı bilirlər”.
Bu zaman Priqojin Ukraynanın əkshücumuna qarşı Rusiyanın “xalq müqavimətinə” ümid edir və “cəmiyyətin əllərinə yaba götürəcəyi və ölkənin hərc-mərcliyə qərq olacağı” vəziyyətindən qorxmur.
“Qərq olmayacaq, əsas odur ki, xaricə gedib talan etdikləri pullara alınan malikanələrdə yaşamalı olan bürökratlar və korrupsionerlərdən təmizlənmək lazımdır. Müdafiə naziri siyasi fiqur deyil, zəhmətkeş olmalıdır.
Bizdə müdafiə naziri düşünür ki, prezidentdən, xalqdan, Allahdan üstündür. Düşmən 150 km dərinliyə nüfuz edən kimi xalqın müqavimətilə üzləşəcək. Xalqın müqavimətini isə indidən hazırlamaq lazımdır”.
Rusiyallıların təhlükə ilə üz-üzə qalaraq səfərbərliyə hazır olmamasını Priqojin Rusiya MN məmurlarının fəaliyyətsizliyi və mətbuatın azad olmaması ilə izah edir.
“Cəmiyyət sonadək səfərbər olmayıb, çünki KİV-lər nə istəyir danışır. Əgər KİV-lər həqiqəti söyləsələr, hər şey dəyişə bilər. Ordu hələ Şoyquya qədər zəhərlənib. Şoyqu isə onun axırına çıxıb. İndi ordu pulkəsən maşına bənzəyir.
Amna mən ümid edirəm ki, KİV-lər yalan danışmasalar, xalq fəlakəti görəcək. O zaman siyasi rəhbərlik hər şeyi itirməmək üçün addımlar atmağa məcbur olacaq. Yoxsa hər şey vətəndaş müharibəsi və inqilabla bitəcək. Heç yaxşı olmayacaq”, – Priqojin deyib.