Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Azərbaycan çox mürəkkəb vəziyyətlə üzləşmişdi. Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdı. Bununla yanaşı, respublikamızda ictimai-siyasi vəziyyət olduqca mürəkkəb xarakter almışdı. Sovet rəhbərliyinin ermənipərəst siyasəti, Azərbaycanın ovaxtkı rəhbərliyinin zəifliyi və xəyanətkarlığı erməniləri daha da ruhlandırırdı. Həmin vaxt Naxçıvan diyarı da erməni məkri, Azərbaycan rəhbərlərinin ögey münasibəti ilə qarşılaşmışdı. Ermənilər tərəfindən muxtar respublikaya qarşı ərazi iddiası, kommunikasiyaların kəsilməsi Naxçıvanı blokada vəziyyətinə salmışdı. Məhz belə bir vaxtda – 1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin doğulub böyüdüyü Naxçıvana gəlməsi muxtar respublikanı başı üzərini almış təhlükədən, bu qədim diyarı erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi qeyd edib ki, görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi əslində Azərbaycanın müstəqillik yolunun əsasını qoymuşdur. Azərbaycan tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ümummilli Lider xalqımızın mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Ensiklopedik biliyi, dərin zəkası, müdrik və uzaqgörən strategiyası, çevik taktikası, polad məntiqi, sarsılmaz iradəsi, yüksək natiqlik məharəti, müstəsna idarəçilik istedadı ilə fenomenal şəxsiyyət olimpində qərar tutan dahi şəxsiyyət ömrünü Azərbaycanın gələcəyinə həsr etmiş, onun azadlığı, müstəqilliyi uğrunda inamla mübarizə aparmışdır. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra ölkəmizdə milli dirçəliş prosesi sürətlənmiş, həmin gündən başlayaraq elmi əsaslara söykənən dövlət quruculuğu prosesinə start verilmişdir. Bu mənada, 3 sentyabr həm də siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətinin təməllərinin atıldığı gün kimi tarixdə öz yerini tutmuşdur. Bu tarix xalqımızın böyük oğlunun xilaskarlıq missiyasının başlanğıcıdır. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyətə başlayaraq qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər gördü. Ağır blokada şəraitində yaşayan Naxçıvana məhz Ulu Öndər həyat verdi. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu.
Çingiz Qənizadə qeyd edib ki, dahi şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atmışdır. Bu da təsadüfi deyildi. Çünki Ulu Öndər uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş, dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovet İttifaqının aparıcı dövlət xadimlərindən biri olmuş, bütün bunlarla yanaşı Azərbaycanın qədim dövlətçilik ənənələrinə dərindən bələd olmuş, milli ideologiyanın əsasını qoymuş, milli maraqlarımızın məğlubedilməz müdafiəçisinə çevrilmişdir.
Həmin illərdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız təsadüfi şəxslərin əməlləri nəticəsində 1993-cü il iyun ayının əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət yaranmışdı. Hadisələr kulminasiya nöqtəsinə çatmış, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə almışdı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Ç.Qənizadə deyib ki, ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.
Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.
Beləliklə, Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni səhifə açmaqla müstəqil ölkəmizin işıqlı gələcəyini təmin etmişdir.
Hüquq müdafiəçisi vurğulayıb ki, bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu Öndərimizin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeləri daha da güclənir, yeni-yeni nailiyyətlərə imza atır. Əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib.
“Nəticə etibarilə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Başqa sözlə, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edən Azərbaycan böyük zəfərlər qazanır, yeni zirvələr fəth edir”, – deyə Çingiz Qənizadə bildirib.