“Bu halda BMT TŞ-da Azərbaycana qarşı qətnamə qəbulundan ehtiyatlanmağa dəyərdi…”

“Və ümumi anlamda burada Böyük Britaniya faktorunu da nəzərə almaq gərəkdir…”

 

Əgər avqustun 16-da, yəni bu gün BMT TŞ Azərbaycandan Qarabağdakı hayklara “humanitar yardım” üçün Laçın yolunu açmasını tələb edən qətnamə qəbul etsə, bundan sonra nə baş verə bilər? Bölgəyə BMT sülhməramlıları göndərilə bilərmi? Yaxud Azərbaycan buna da müqavimət göstərərsə, Ermənistan bir müddət sonra öz havadarlarının dəstəyi ilə genişmiqyaslı hərbi əməliyyatlara başlamağa cəhd edərmi?

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən araşdırmaçı juranlist, Ordu.az saytının baş redaktoru Şahin Qocayev bunları söyləyib:

 

“İlk növbədə onu deyək ki, ölkəmizə qarşı hər hansı bir qətnamənin qəbul ediləcəyini düşünmürük. Mümkündür ki, bundan əvvəlki dövrlərdə olduğu kimi, müraciət, çağırış tipli formal xarakter daşıyan sənəd qəbul oluna bilər. Çünki, bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasında hansısa qətnamə qəbul edilməsi üçün həmin qurumun 5 daimi üzvünün beşi də birgə qərar verməli və hamısı qəbul olunan sənədə səs verməlidir. Nəzərə alaq ki, hazırda bir çox istiqamətlərdə hibrid müharibə və ya bəzilərinin təbirincə desək, dünya savaşı gedir və qütbləşmə nəticəsində Təhlükəsizlik Şurasındakı 5 hegemon dövlət arasında ciddi parçalanmalar baş verir. Bunları düşünsək, anlayarıq ki, həmin qurumda Azərbaycana qarşı qətnamənin birgə qəbulundan söhbət gedə bilməz. Və ümumi anlamda burada Böyük Britaniya faktorunu da nəzərə almaq gərəkdir. Bu dövlətin 44 günlük savaş zamanı Azərbaycanın yanında olduğunu və öz vetosuyla bənzər qətnamələrin qarşısını aldığını bilirik. Həmçinin getdikcə dərinləşən və eyni zamanda Ermənistanla münasibətləri pisləşən Rusiya faktoru da mövcuddur. Bu gün Moskva danışıqlarda vasitəçi kimi çıxış edirsə,  bu dövlət, ən azı, Azərbaycana qarşı qətnamə ilə çıxış edən dövlətlərin sırasına qoşulmaya bilər. O cümlədən Azərbaycan-Çin münasibətləri normal və yüksələn xətlə davam edirsə, rəsmi Pekinin də neytral istiqamətdə addım atacağı gözlənilir. Ümumiyyətlə, dünyada hazırda BMT TŞ-da Azərbaycana qarşı belə bir sənəd qəbul etməyə ehtiyac varmı? Həmin qurumun daimi üzvlərinin hamısı müzakirə olunacaq məsələyə xüsusi diqqət ayırırmı? Bu suallar üzərində düşünməklə onu da nəzərə almaq lazımdır ki, dünyada hazırda Ukrayna böhranı, o cümlədən  bir  sıra Afrika ölkələrindəki gərginlik, Nigerdə bir hərbi xuntanın hakimiyyətə gəlməsi müzakirə olunarkən kiçik bir bölgədə öz legitim hüquqlarını müdafiə edən ölkənin öz suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunması istiqamətində addımlar atması o  qədər də ciddi müzakirə olunmayacaq. İndi keçək məsələnin digər tərəfinə… Əgər BMT TŞ-da doğrudan da ölkəmizə qarşı hansısa qətnamə qəbul olunarsa,  nələr baş verə bilər? İlk növbədə qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının buna qədər də elə Ermənistanın təcavüzü ilə bağlı 4 qətnaməsi var idi ki, onlar 30 il ərzində icra olunmamışdı. Həmin sənədləri  II Qarabağ savaşında Azərbaycan öz hərbi gücü vasitəsi ilə icra etdi… Yəni əgər onlar çox ciddi bir təsirə malik qətnamələr olsaydı və qısa müddətdə icra edilsəydi, bu gün də Azərbaycana qarşı qətnamə qəbul olunacağı halda ehtiyatlanmağa dəyərdi… 

 

Bölgəyə BMT sülhməramlılarının göndərilməsi üçün isə ilk növbədə 10 noyabr üçtərəfli bəyanatı qüvvədən düşməli və bu, elan olunmalıdır(Əslində həmin bəyanat artıq qüvvədən düşmüş hesab olunur).  Rusiya “sülhməramlı”larının çıxışı məsələsi artıq masada, gündəmdə olmalıdır… Yəni əgər Rusiya “sülhməramlı”larının çıxışından söhbət getmirsə, buna doğru aparan proseslər sürətlənmirsə, BMT-nin hansısa çağırışı və ya qətnaməsi əsasında Azərbaycan ərazisinə BMT mandatına sahib hansısa digər sülhməramlı qüvvələrin yerləşdirilməsi inandırıcı deyil. “Sülhməramlı”ların çıxarılması üçün Moskvanın atacağı addımlar da çox vacibdir. Bu haqda düşünəndə sual yaranır: Azərbaycanın qərara verəcəyi halda Rusiya öz xoşuna və rahat şəkildə həmin qüvvələri çıxaracaqmı? Çünki oxşar ssenari Moldovada Dnestryanıdakı Rusiya “sülhməramlı”larının çıxarılması cəhdi zamanı baş verib. Moldova hökumətinin tələblərinə rəğmən Moskva öz qüvvələrini bölgədən çıxarmayıb…  

 

Eyni zamanda hətta Rusiyanın “sülhməramlı” çıxarıldığı halda belə, Azərbaycanın BMT “sülhməramlı”ları adı altında hansısa digər qüvvələrin ərazimizə yerləşdiriilməsinin qarşısını alması da gündəmdədir. Çünki Laçın yolu ətrafı və keçmiş Dağlıq Qarabağ ərazisi də Azərbaycanın suveren daxili ərazisidir. Və digər bölgələrində olduğu kimi burada da dövlətimizin təhlükəsizlik və hüquq-mühafizə strukturları bölgəyə nəzarəti ələ almaqla burada Rusiya ilə yanaşı, digər ölkə və ya beynəlxalq qurumların gələcəkdə yeni qarşıdurmalar yaradacaq  “sülhməramlı” qüvvələrin yerləşdirilməsinə yol verilməyəcək….

 

Ümumi anlamda yanaşasaq, Ermənistan hərbi halda müharibəyə can atır. Və müharibə proseslərinə hazırlıq müşahidə olunur. Çünki 3 il keçməsinə baxmayaraq, Ermənistan kimi müharibədən yenicə çıxmış maliyyə və resurslar baxımından zəif olan bir ölkə sürətlə silahlanırsa  bunun arxasında, təbii ki, hərbi əməliyyatların bərpası məsələsi dayanır. Bir çoxları düşünür ki, Ermənistanı müharibəyə sövq etməyə çalışan yalnız radikal müxalif qüvvələrdir. Onu bilmək gərəkdir ki, hazırkı Paşinyan hakimiyyəti də bu mənada keçmişdəkilərdən bir o qədər fərqlənmir. Sadəcə olaraq müharibədə uduzduqları üçün sülh prosesindən istifadə edib vaxt qazanır və hərbi əməliyyatlara hazırlaşırlar… “BMT sülhməramlıları” adı altında növbəti kənar qüvvələrin bölgəyə yerləşdirilməsinə Azərbaycan tərəfdən etiraz olacağı halda Ermənistan təxribatlar törədə və guya ölkəmizin beynəlxalq mandata malik qüvvələrin gəlişinə mane olmağa çalışması görüntüsü yarada bilər. Və təbii ki, Azərbaycan buna hazırdır. Azərbaycan əslində bütün prosesləri daha öncədən hesablayıb və buna uyğun addımlar atır. Bu mənada düşünürəm ki, Ermənistan hərbi əməliyyatlara əl atacağı halda daha böyük itkilərlə üzləşəcək ki, bu da ümumiyətlə, həmin ölkənin dövlətçiliyinin varlığı məsələsini sual altında qoyacaq…”

 

Sultan Laçın

Mənbə

Share: