Bu il böyük hədəflərimiz var

Bu il böyük hədəflərimiz var

Dövlətimiz tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi işində, beynəlxalq hüquq normalarının ratifikasiyası, ikitərəfli və çoxtərəfli beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. 

 

Beynəlxalq əlaqələrin inkişafında Azərbaycan parlamentinin xüsusi rolu var. Bu baxımdan parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. Parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət prioritet istiqamət təşkil edir.

 

Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. 

 

Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.  Eyni zamanda Milli Məclis müxtəlif parlamentlərarası təşkilatların işində fəal iştirak edir.

 


 
Buna nümunə olaraq Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası (AŞPA), MDB Parlament Assambleyası, Asiya Parlament Assamleyası, Avronest Parlament Assamleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, GUAM Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Parlamentlərarası İttifaq və NATO Parlament Assambleyasını göstərmək olar.

 

Milli Məclis həmçinin parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır. Eyni zamanda, beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, Ermənistanın işğalşılıq siyasəti ilə bağlı müsbət qərarlar qəbul olunub. Təsüdüfi deyil ki, bu gün də beynəlxalq parlament tribunalarında işğaldan azad olunmuş torpaqlarımızda Ermənistanın barbarlığı faktlarla dünya ictimaiyyətinə çatdırılır. 

Bu baxımdan Milli Məclisin deputatları Azərbaycanın parlament diplomatiyasını uğurlu adlandırır və qarşıda yeni hədəflərin olduğunu bildirirlər.

 


Deputat, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Modern.az-a bildirib ki, bu gün parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar:

 

“6-cı çağırış Milli Məclis cərəyan edən proseslərə kifayət qədər çevik reaksiya nümayiş etdirir. Milli maraqlarımızın qorunması istiqamətində çalışılır. Parlament təmsilçilərinin iştirak etdiyi beynəlxalq platformalarda mövqelərimizin müdafiə olunması üçün kifayət qədər işlər görülür. Nəzərə almaq lazımdır ki, olduqca məsuliyyətli mərhələyə qədər qoymuşuq. Cənab Prezident yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində bildirdi ki, 44 günlük müharibədən sonra əsas vəzifəmiz siyasi müstəvidə hərbi qələbəmizi təsdiqləməkdir. Biz də zaman itirmədən bu istiqamətdə fəaliyyətə başlamışıq. Siyasi münasibətlər müstəvisində çox uğurlu nəticələr əldə etmişik. Azərbaycan parlamentinin üzvləri müxtəlif parlament assambleyalarında fəal iştirak edirlər. Təbii ki, bu platformalarda Azərbaycanın milli maraqları müdafiə olunur. Ölkəmizə münasibətdə bir çox hallarda əsassız, qərəzli ittihamlar irəli sürülürdü. Azərbaycan parlamenti bu cür hadisələr zamanı çevik, eyni zamanda sərt reaksiya nümayiş etdirib, mövqelərimizi çox ciddi arqumentlərlə müdafiə etməyi bacarıb.  

Xatırlatmaq istərdim ki, Fransa Senatının və Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamələrinə qarşı parlament dərhal reaksiya verib. Bundan başqa dəfələrlə belə hallar yaşanarkən Azərbaycan parlamenti adekvat cavab tədbirləri görüb. Təbii ki, bu il də Milli Məclis milli maraqlarımıza uyğun olaraq fəaliyyət göstərəcək və paralel olaraq beynəlxalq müstəvidə qarşılıqlı əlaqələrin güclənməsi istiqamətində kifayət qədər uğurlu işlər görəcək. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Azərbaycan yeni obrazda beynəlxalq siyasi, iqtisadi əməkdaşlıqda iştirak etməkdədir. Müvafiq olaraq Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”.

 


 
Milli Məclisin deputatı Məlahət İbrahimqızı da Azərbaycanın parlament diplomatiyasını uğurlu hesab edir: 

 
“Müstəqil Azərbaycanın qanunverici orqanı olan parlament beynəlxalq platformalarda aktiv iş aparır. Artıq Azərbaycan parlamenti dünya parlament müstəvisində söz sahibinə çevrilir. Ötən üç il ərzində parlament  diplomatiyası vasitəsilə cənab Prezidentin xarici siyasətinə dəstək verilib.

Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına rəhbərlik edir. Azərbaycan bu hərəkatın yeni üzvlərindən olmasına baxmayaraq, çox böyük nüfuz sahibidir. Prezidentin şəxsi töhfələri nəticəsində hərəkatın bütün üzvləri yekdilliklə Azərbaycanın sədrliyinə səs vermişdilər. Təşkilatın qaydalarına əsasən, bir ölkənin sədrlik müddəti üç ola bilərdi. Amma üzv ölkələr Azərbaycanın göstərdiyi səylərə görə sədrliyi bir il də uzatmaq qərarına gəldi. Cənab Prezident sədrlik dövründə çox işlər gördü, xüsusilə də pandemiya zamanı iqtisadi cəhətdən zəif ölkələrin peyvədlə təmin olunması istiqamətində səylər göstərildi.

Həmçinin qeyd edib ki, təşkilatın parlament hərakatı yaradılıb ki, bu da Prezidentimizin uğurlu xarici siyasəti ilə bağlıdır. Eyni zamanda parlament səviyyəsində Azərbaycanda iclas keçirildi, ümumi işə mühüm töhfələr verildi. Azərbaycan diplomatiyası son illər bir sıra uğurlara imza atıb, əlbəttə, burada Azərbaycan parlamentini xüsusi qiymətləndirmək lazımdır. Dünyanın əksər ölkələri ilə Azərbaycanın ikitərəfli və çoxtərəfli əlaqələri qurulub, inkişaf etdirilir.

Bundan əlavə, Azərbaycanın haqlı davasının dünyada parlament səviyyəsində tanıdılmasında parlament xüsusi rol oynayıb. Hesab edirəm ki, qarşıdakı illərdə də Azərbaycan parlamenti uğurlu fəaliyyətini davam etdirəcək. Bu il böyük hədəflərimiz var. Hədəflərimizə çatmaq yolunda parlament yorulmadan işləyəcək”.

Mənbə

Share: