
Müəllimlərin sertifikatlaşdırma imtahanları yaxınlaşır. İyunun 18-də prosesə start veriləcək.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il təşkil olunacaq sertifikatlaşdırılma prosesinə kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunacaqlar.
Eyni zamanda indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri də prosesdə iştirak edəcəklər.
Bu il sertifikatlaşdırma imtahanları 25 iyunda yekunlaşacaq.
Bəs ilk dəfə sertifikasiya imtahanlarına cəlb olunacaq fənn müəllimlərinin statistikası necədir?
Modern.az saytı bunu araşdırmağa çalışıb.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, hazırda kimya müəllimlərinin sayı 4690 nəfər təşkil edir.
Ölkədəki biologiya müəllimlərinin sayı 5547 nəfər, fizika müəllimlərinin sayı isə 5942 nəfərdir.
Sertifikasiya imtahanlarına cəlb olunacaq coğrafiya müəlimləri 5283 nəfər, informatika müəllimləri isə 5648 nəfər təşkil edəcək.
A.Qorxmaz