Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə məraisimində erməni separatizmi ilə bağlı maraqlı fikirlər səsləndirib. Dövlət başçısı qeyd edib ki, prezident seçkiləri zamanı səsvermə hüququndan məhz Xankəndidə istifadə etməsinin çox böyük mənəvi-siyasi əhəmiyyəti var və bu erməni separatçılaının tabutuna vurulan son mismardır:
“Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Doğrudan da, İlham Əliyevin prezident seçkilərində məhz Xankəndidə səs verməsi qürurverici reallıq olmaqla yanaşı, həm də simvolik məna daşıyırdı. Bu, adi bir səsvermə deyildi. Bu, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin siyasi müstəvidə yeni təntənəsi idi. Bu, xalqımızın 30 ildən sonra bərpa etdiyi milli qürururunun, daxili inamının, əzəli əzəmətinin ən ali səviyyədə təsdiqindən xəbər verirdi. Məlum fakt, eyni zamanda erməni sepratizmi ilə yanaşı, ona dəstək verən beynəlxalq güclərə mesaj idi. İlham Əliyev öz səsvermə hüququndan Xankəndidə istifadə etməklə erməni separatizminin himayədarlarına göstərdi ki, onların Azərbaycanın ərazi bütövlüyünü, təhlükəsizliyini hədəf alan bütün səyləri əbəsdir və heç bir güc xalqımızın iradəsindən daha üstün ola bilməz.
Bütün bunlarla yanaşı, dövlət başçısının 14 fevral tarixli çıxışı göstərdi ki, Xankəndidə seçki qutusuna atılan bülleten erməni separatçılarının tabutuna vurulan sonuncu mismar olsa da, bu, İlham Əliyevin yola salacağı, mismarlayacağı sonuncu tabut olmayacaq. Çünki bu gün də Azərbaycana qarşı beynəlxalq müstəvidə qərəzli və təxribatçı mövqe nümayiş etdirən güclərin mövcudluğu, onların ölkəmizə münasibətdə açıq düşmənçilik mövqeyi sərgilədiyi göz önündədir. Bu da məlumdur ki, Ermənistanın himayədarı qismində çıxış edən həmin güclər Azərbaycanın daxili işlərinə qarışmaqda, onun suverenliyini, təhlükəsizliyini təhdid altında saxlamaqda israrlıdırlar. Və bu reallıq Prezident İlham Əliyev tərəfindən də gündəmə gətirilməkdədir:
“Biz, – İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, – sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.
Lakin İlham Əliyev ölkəmizi gözləyən gələcək mübarizələrdən bəhs etməklə yanaşı, Azərbaycanın bu mübarizələrdən də qalib çıxacağı əminliklə vurğulayır, ölkəmizin bunun üçün gərəkli olan bütün şərtlərə malik olduğunu qeyd edir:
“Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır. Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”.
Bəli, İlham Əliyev Azərbaycana düşmən münasibət bəsləyən, onu təzyiq altında saxlamaq istəyən beynəlxalq güclərə ancaq və ancaq məğlubiyyət vəd edir. Azərbaycan prezidentinin hər zaman verdiyi sözü əməli şəkildə təsdiq etdiyini nəzərə alsaq, həmin gücləri artıq indidən məğlub və məyus hesab etmək mümkündür. Bu isə o deməkdir ki, erməni separatçılarının tabutuna son mismarı da vuran və onu tarixin gedər-gəlməzinə yolan salan İlham Əliyev üçün bu, mismarladığı və yola saldığı sonuncu tabut olmayacaq. Azərbaycan xalqı əmindir ki, Müzəffər Ali Baş Komandan erməni separatizminə yaşatdığı aqibəti on qat misli ilə bu separatizmin himayədarları olan beynəlxalq güclərə də yaşadacaq və onların tabutlarını da o dünya üçün yolçuluğa eyni qətiyyətlə hazırlayacaq.
Seymur ƏLİYEV