Bu kənd üçün ağlayan lazımdır

AAYDA rəsmiləri hava xəbərdarlığı edilən gündən gücləndirilmiş iş rej iminə keçib . Əksər rayonlarda onların fəaliyyətini az-çox izləyirik, təkcə  Lerikdən başqa.

Yaxınlarda kəndə hüzr məclisinə gedirdik. Şəhərdən Yardımlıya qədər rahat getdik, amma Lerikin Xanagah kəndinə gedə bilmədik. Lerikin mərkəzidən kəndə qədər olan yol təmizlənmədiyi üçün , Təkdamdan Ağçay yolu isə buz bağladığı üçün getmək təhlükəli idi. Məcburən Yardımlının Bilnə kəndinə, ordan isə UAZ-la getdik.Bilnə yolu təmizlənmişdi,rahat idi . Ərazi nümayəndəsinə təşəkkürlər!

Bəzi yerlərin buz bağlamış, bəzilərinin isə palçıqlı yolları ilə Bilnədən Xanagaha sürüşə-sürüşə getdik. Ürəyi zəif olanlar üçün təhlükəli olan yolların təmizlənməsinə məsul olan şəxslərin ürəyini buz, vicdanını isə palçıq bağlayıb. Qazsız, istiliksiz, odunsuz, yolsuz, heyvanları otsuz, xəstələri dərmansız və həkimsiz qalan Xanagah kəndinin əhalisinə ağlayan lazımdır. Bu kəndə nə ora 7-8 km məsafədə yerləşən Yardımlıdan, nə də 56 km məsafədə yerləşən inzibati ərazi bölgüsünə görə aid olduğu Lerikdən marşrut işləmir. Bu kənd yeganə kənddir ki,indiyə kimi ora Təcili yardım maşını bircə dəfə də olsun getməyib. Ağır xəstələr yalnız taksilərlə xəstəxanalara aparılır. Bu kənd yeganə kənddir ki, deputatı o kəndi tanımır və icra başçısı orda olmayıb.

Kənd demək olar ki, boşdur. Bankomat və poçt da yoxdur. Insanlar pensiyasını almaq və ödəniş etmək üçün başqa kəndlərə gedir. Dərman almaq da əlçatan deyil.

Bu kəndin şəhidinə büstü də şəhidin qardaşları qoydurub.

Kənddə olan mədəniyyət abidəsi dağılıb. Mədəniyyət nazirliyinə və icra hakimiyyətinə təmir üçün edilən müraciətlər isə müsbət həllini tapmır.

 Kənd camaatının təmir etməsinə isə icazə verilmir. Bir sözlə, kənd  üçün ağlayan lazımdır.

Millətin Səsi.az

Share: