Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bugünkü mövzumuz Azərbaycanda ağır atletikanın hazırkı durumu, bu sahəyə olan maraq və qarşıya qoyulan məqsədlərə yönəlib.
Suallarımızı Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov cavablandırır.
– Hazırda Azərbaycanda ağır atletikanın durumunu necə qiymətləndirmək olar?
– Bu gün Azərbaycan ağır atletikası özünün yeni dövrünü yaşayır. İki illik fasilə – koronavirus pandemiyası dövrü bu idmana ciddi zərbə vurmuşdu. Bu müddətdə mütəmadi məşqlərin keçirilməsi mümkün olmadığından çətinliklər yaşanmış, yığma komanda formalaşdırılmamış, daxili yarışlar keçirilməmiş, beynəlxalq yarışlarda davamlı iştirakımız təmin olunmamışdır. İndi bu məcburi fasilənin fəsadları sürətlə aradan qaldırılır: cəmi 3 ay ərzində ölkə çempionatı və birinciliklər keçirilib, yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandalar formalaşdırılıb, təlim-məşq toplanışları keçirilir, beynəlxalq yarışlara qatılmağa start verilib, infrastruktur məsələləri həllini tapır. Bir sözlə, durum qənaətbəxşdir və yüksəlişə doğru addımlayırıq.
– İnam Kərimov federasiyanın prezidenti seçildikdən sonra bölgələrdə ağır atletikanın durumu ilə tanış oldu. Bu gün bölgələrdə bu idman növünün durumu hansı səviyyədədir?
– Federasiya prezidenti ilk gündən bölgələrdə vəziyyətlə tanış olaraq strategiyamızı ortaya qoydu. Azərbaycan təkcə paytaxtdan ibarət deyil və regionda idmanın inkişafı çox vacib məsələdir. Federasiya rəhbərliyi durumu öz gözləriylə görmək, ağır atletika ailəsinin bütün üzvləri ilə görüşərək onların istəklərini, təkliflərini dinləmək, yalnız bundan sonra fəalliyyətə başlamağı üstün tutdu. Hazırda bölgələrdə bu idman növünün daha da inkişafı üçün ciddi işlər görülür. İlk olaraq idmançılara şərait qurulmalıdır. Bu mənada əsas məsələ infrastrukturdur. Bölgələrdə mövcud ağır atletika mərkəzləri, zalları təmir olunur, yenidən qurulur, yeni mərkəzlərin tikintisinə start verilib, mümkün olduğu halda digər məkanların təyinatı dəyişdirilərək ağır atletika üçün şərait yaradılır. Hətta bu günə qədər ağır atletika ilə əlaqəsi, ənənəsi olmayan yerlərdə belə işlər aparılır, mütəxəssislər cəlb olunur və bu idman növünün gənclər arasında populyarlaşdırılması istiqamətində işlər aparılır. Gəncə, Qazax, Gədəbəy, Tovuz, Goranboy, Ağcabədi, Füzuli, Mingəçevir, Yevlax, Neftçala, Sabirabad, Qobustan, Zaqatala, Qax, Şamaxı, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Siyəzən, Lerik, Cəlilabad, Lənkəran, Astara və digər onlarla şəhər və rayonumuz ağır atletika coğrafiyasında öz layiqli yerini tutmaqdadırlar.
– Ölkədə yeniyetmə və gənclərin ağır atletikaya marağı federasiyanı qane edirmi?
– Cəmi 3 ay ərzində görülən işlər yeniyetmə və gənc nəslin bu idman növünə marağını dəfələrlə artıb desək, yəqin ki, yanılmarıq. Müraciətlər onlarla dəfə artıb. Artıq valideynlər öz övladlarını ağır atletikaya verməyə, bizə etibar etməyə başlayıblar. Əminliklə söyləmək olar ki, yaxın zamanlarda yeni, güclü nəsil formalaşdırmaq üçün yetərincə kütləvilik əldə edə biləcəyik.
– Federasiyanın yeni rəhbərliyinin qarşıdakı illər üçün əsas hədəfi nədir?
– Hədəflərimiz çoxdur. Yeni, təmiz düşüncəli, sağlam nəsil formalaşdırmaq, onlar üçün maksimum şərait yaratmaq, yalnız bundan sonra nəticələrə doğru addımlamaq istəyirik. Bunun üçün bütün lazımi işlər görülür. Düşünürük ki, bu gün uğur dalınca qaçaraq 3-5 medal qazanıb, əlimizdə olan resursları “yandırmaq” strateji baxımdan düzgün qərar olmazdı. Biz təsadüfi yox, planlı, bəlli strategiyaya əsaslanan, mütəmadi və fasiləsiz qələbələr qazanmaq istəyirik. Bunun üçün tələsmirik, əsaslı, təməli möhkəm işlər görürük. Hədəflərimizə çatmaq üçün səbrli olmalıyıq.
– Azərbaycanda ağır atletikada legioner idmançılar və məşqçilər çox olub. Bəs, hazırda vəziyyət nə yerdədir?
– Azərbaycanda yetərincə bacarıqlı mütəxəssis və idmançı var ki, onlara, onların istedad və çalışqanlığına güvənərək uğur qazana bilərik. Yaxın və orta perspektiv üçün baxış bucağımız budur. Ancaq daimi heç nə yoxdur və ehtiyac olarsa, gələcəkdə əcnəbi mütəxəssislərin cəlbi istisna olunmur.
– Ağır atletlərimizin bir neçəsində dopinq aşkarlandığından onların medalları alınmışdı. Federasiya dopinqlə mübarizə istiqamətində hansı tədbirləri həyata keçirir?
– Azərbaycan Ağır Atletika Federasiyası dopinqə qarşıdır! Qadağan olunmuş maddələrdən istifadə edənlər, bunu təbliğ edənlər, buna ən kiçik belə niyyəti olanlar bizim ailənin üzvü ola bilməzlər. Mövqeyimiz sərt, amansız və dönməzdir. Bu baxımdan heç kimə güzəşt getməyəcəyik. Qoy, bunu bilsinlər. Dopinq qəbul edən şəxs həm özünü, həm ailəsini, həm ölkəsini, bir sözlə ona güvənən hər kəsi zərbə altına qoyur, onların əməyini yerə vurur. Bu, yolverilməzdir. AAAF olaraq çox sayda təbliğat xarakterli işlər görür, dopinqin qəbulunun zərərləri və nəticələrini mütəmadi izah edir, mənfi tərəflərini göz önünə çıxarırıq. AMADA ilə sıx əməkdaşlıq edirik, onların ağır atletikada fəaliyyəti üçün maksimum şəraiti yaradırıq. Qurumdan açıq şəkildə bildirirlər ki, onlarla ən yaxın əməkdaşlıq edən federasiyaların önündə məhz biz gedirik. Bu işi bundan sonra da davam etdirəcək, qadağan olunmuş maddələrin qəbuluna qarşı inamla mübarizə aparacağıq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.