“Kiyevdəki nasist hakimiyyətinin təbiətini məhv etmək lazımdır…”
Ukraynanın parçalanmasının üç ssenarisi…
Medvedev Ukraynada müharibənin müddətləri və onun mümkün gələcəyi barədə mülahizələrini bölüşüb
Rusiyanın sabiq prezidenti, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Ukraynada döyüş əməliyyatlarının başa çatmasının müddətləri barədə fikirlərini bölüşüb.
Moderator.az xəbər verir ki, bu barədə o, jurnalistlərə Çinə səfərinin gedişində bəyan edib.
“Bu münaqişə çox uzun çəkəcək. Bu, yəqin ki, onilliklər ərzində davam edəcək. Bu, yeni gerçəklikdir, yeni həyat şəraitidir.
Orada belə hakimiyyət olduqca, belə deyək, üç il atəşkəs olacaq, iki il münaqişə baş verəcək və hər şey yenidən təkrarlanacaq. Kiyevdəki nasist hakimiyyətinin təbiətinin məhv etmək lazımdır”, – Medvedev iddia edib.
Bu ərəfədə isə Medvedev özünün “Telegram-kanal”ında Ukraynada vəziyyətin inkişafının üç ssenarisi ilə bölüşüb.
Birinci ssenaridə bir neçə vilayət Kiyev hakimiyyətinin altında qalacaq, yerdə qalan ərazi Rusiya ilə Qərb ölkələri arasında bölünəcək.
Ukraynadan qalan “sahibsiz ərazi” Rusiyanın ilhaq etdiyi əraziləri geri qaytarmağa cəhd edəcək, bu da yeni, permanent münaqişəyə gətirib çıxaracaq.
İkinci ssenaridə Ukrayna ərazisi Rusiya və “Avropa İttifaqının bir sıra dövlətləri” arasında bölünəcək. Avropa İttifaqının bir ölkəsində sürgün hökuməti formalaşacaq.
Bundan başqa, Medvedev “Qərbi Ukrayna torpaqlarını əldə edən Avropa İttifaqı dövlətləri ərazisində ukraynalı nasistlərin yerləşməsini” proqnozlaşdırıb.
Üçüncü ssenaridə Ukraynanın mövcudluğuna, ümumiyyətlə, son qoyulur. Heç bir sürgün hökuməti, heç bir dövlətçiliyi qalmır.
“Ukraynanın qərb torpaqları Avropa İttifaqının bir sıra ölkələrinə birləşir. Mərkəzi və bəzi digər sahibsiz qalan vilayətlərinin xalqı BMT Nizamnaməsinin 1-ci maddəsinə uyğun olaraq öz müqəddəratının təyini yolu ilə Rusiya Federasiyasına daxil olmaq niyyətini bəyan edir.
Bu xahiş təmin edilir, münaqişə uzunmüddətli perspektivdə yenidən bərpa olunmayacağına kifayət edəcək zəmanətlərlə başa çatır”, – Medvedev arzusunu ifadə edib. Onun sözlərinə görə, yalnız belə ssenari Kremlə sərf edəcək.
Xatırladaq ki, aprel ayında Medvedev güman edib ki, Ukrayna yox olacaq, çünki o, nə Avropaya, nə ABŞ-a, nə dünyanın başqa ölkələrinə, nə Rusiyaya, nə də öz vətəndaşlarına lazımdır.
O cümlədən, yaranmış vəziyyət “artıq avropalılara əsl maliyyə və siyasi cəhənnəm yaşadıb”-Avropa İttifaqında inflyasiya artıb, kommunal xərclərin hesabı çoxalıb, biznes məhv edilir.
Medvedevin sözlərinə görə, Ukrayna XX əsrdə “təsadüfən qoparılmış”, “süni ərazi hissələridir”, orada milyonlarla “həmvətənimiz” yaşayır və Rusiya onları “xüsusi hərbi əməliyyat” çərçivəsində müdafiə edir.