Ölkə.az saytında lerikdən deputatlığa namizəd İqbal Məmmədov haqqındakı məqaləni oxudum. Məgər bu “peyğəmbər” imiş tanımamışıq. Yazıda namizədin cəmiyyətə bu cür sırınması məni Lerik haqqında yenə yazmağa vadar etdi. İqbal Məmmədovla mənim heç bir düşmənçiliyim və şəxsi qərəzim yoxdur. Sadə bir lerikli kimi onun millət vəkili olaraq fəaliyyətinin rayonumuza zərər verməsi məni də narahat edir.
Sayt yazır ki, İqbal Məmmədov Leriki nəinki Azərbaycanda, dünyada tanıtdı. Düzdür, tanıtdı, amma öz peşə fəaliyyətini həyata keçirən vergi əməkdaşlarını döyərək.. Belə hallar dünya tarixində tək-tükdür..
İqbal Məmmədov dünyada tanındı ki, meşələri məhv edib yaratdığı böyük istirahət mərkəzində kanalizasiya yoxdur və xarici turistlərin çirkabları Lerikin təmiz bulaqları ilə qidalanan çaylara axıdılaraq təsərrüfatlara böyük ziyan vurur. O məhz mandatından istifadə edərək “Relax”ı illərdir dövlət büdcəsinə ödəməli olduğu vergilərdən yayındırıb.
Saytda Ölkə Prezidenti İlham Əliyevin şəxsi iradəsi hesabına ucqar kəndlərə çəkilən yollar, qaz xətləri də İqbal Məmmədovun adına yazılır. Amma bilmirlər ki, dövlət proqramına əsasən regionların inkişafı üçün nəzərdə tutulan asfaltın keyfiyyətlisi, qaz xətləri deputatın şəxsi nüfuzuna görə, daha çox onun öz kəndinə və obyektlərinə xidmət edir. Lerikdə “Zuand” və “Dırığ” zonaları var. “Zuand” zonasında olan kəndlər deputatın kəndinə yaxın olduğu üçün onların bəziləri qazlaşdırılıb. Amma “Dırığ” zonasına daxil olan Züvüc, Zövnə, Bülüdül, Xanagah, Zenoni və s. kəndlərdə qaz xətti yoxdur, infrastruktur bərbad gündədir.
İqbal Məmmədov nəzərinə çatdırıram ki, Lerikin Xanagah kəndində yalnız bir telefon xətti var. Orta məktəbi isə eramızdan əvvəl qalmış mağaraya bənzəyir və kənddə xəstələri müayinə edəcək bircə nəfər də tibb işçisi yoxdur. Mavi yanacaqdan isə söhbət gedə bilməz..Bəlkə də o kənd radardan itib.
Mədhiyyədə İqbal Məmmədovun yeni iş yerləri açdığını yazırlar. O da düzdür, amma həmin iş yerləri yalnız deputatın qohumları, dostları və yaxınları üçündür.
Anlamadığım bir şey var; reklam puluna tərif obyekti olan deputatlığa namizədin Milli Məclisdə cəmiyyətin və dövlətin maraqlarına xidmət edən hansı çıxışı olub?
Çox təəssüf edirəm ki, oğrusu da, doğrusu da, hozusu da, yarıyanı da, yaramayanı da özünü Heydər Əliyevin qoyduğu kursa xidmət edən kimi təqdim edir və yararlanmağa çalışır.
Düzdür, İqbal Məmmədov seçilməzdən əvvəl, yəni Miri Qəmbərov deputat olanda onu deputat kimi görürdüm. Heç olmasa, Miri müəllim kəndimizdəki Xoca Seyyid ziyarətgahının dam örtüyünü dəyişdirdi, lakin İqbalı oralarda gördüm deyən olmadı. Demək, yanılmışam. O, yaxşı biznesmen, yaxşı dost və ya qohum ola bilər, amma millətin vəkili olmağını sübut edə bilmədi..
Talıb Əhədov