
Əziz Şuşa! Sən azadsan. Əziz Şuşa! Biz qayıtdıq. Tarixi sözlərdir. Qoy kimsə desin ki, bu sözləri qəhərlənmədən dinləyə bildi. Qoy kimsə desin ki, bu sözləri qəhərlənmədən təkrarlaya bilər.
Bu xəbəri bütün Azərbaycan xalqı düz 28 il altı ay gözlədi və nəhayət, 2020-ci il noyabr ayının 8-də, Dövlət Bayrağı günü ərəfəsində illərlə gözlədiyimiz xəbəri Ali Baş komandanın dilindən eşitdik.
Bu, illər ərzində hər bir azərbaycanlının ən çox eşitmək istədiyi sözlər idi: “Şuşa azad edildi”.
Şuşanın işğaldan azad olunması ilə biz həm hərbi strateji, həm də mənəvi cəhətdən mənfur düşmənin müqavimətini tam qırdıq. Təbii ki, bu, Ali Baş Komandanımızın rəhbərliyi altında, rəşadətli Azərbaycan ordusu tərəfindən qazanılan uğurların məntiqi davamı idi.
Tarixən alınmaz qala olan Şuşanın müzəffər ordumuz tərəfindən azad edilməsi bir daha sübut etdi ki, haqq işi uğrunda oğullar ölümə gedir, ancaq ölməzlik qazanır və haqq işinə əmin olan oğulların qarşısında nə sal qayalar, nə də azğın düşmən duruş gətirə bilər.
Artıq Azərbaycanın bu qələbəsinə sevinməyənlər də etiraf etməli oldular ki, bu, inanılmaz qələbədir. Bu qələbə bütün dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Sal qayalar üzərində yerləşən alınmaz qalanı Azərbaycanın igid oğulları əsas yolları hələ işğalçıların nəzarəti altında olduğu bir zamanda texnikasız, yalnız əlbəyaxa döyüşlərə imkan verən silahlarla düşmənin müqavimətinə sinə gərərək fəth etdilər.
Bu gün güclü dövlətlərin yanında Azərbaycan xalqı əzilmiş, 30 il torpaqlarını uduzmuş zəif kimi görünmür, bu gün o sübüt etdi ki, biz bir yumruq kimi birləşmiş qalib millətik. Ali baş komandanımızın rəhbərliyi altında sübut etdik ki, bizimlə hesablaşmalıdırlar, biz diz üstündə deyilik, biz qalibik.
Tapdanmış haqqını özü bərpa etmiş güclü bir millətik. Şuşanın azad olunması müasir Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Bu, xalqımızın bütövlük, dəyanət, rəşadət və ləyaqətinin ifadəsidir. Şuşasız qələbəmizin mahiyyəti ola biməzdi. Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan ola bilməzdi.
Şuşa Azərbaycanın Dövlət Bayrağı günü ərəfəsində azad edildi. Bu gün müqəddəs bayrağımız yarası sağalmış Şuşada dalğalanır.
Biz bu yolda şəhidlik zirvəsinə ucalmış, qəhrəmancasına döyüşmüş, sağlamlığını itirmiş igid oğullarımıza, bütün müharibə iştirakçılarına borcluyuq! Belə oğullar böyüdən anaların, ataların qarşısında baş əyirik!
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı