Bu qrup üzrə imtahan verənlərin şansı daha çoxdur

Avqustun 3-də ali təhsil müəssisələrinə qəbul imtahanın I və IV ixtisas qrupları üzrə nəticələrİ açıqlanıb. Beləliklə, bütün qruplar üzrə nəticələr məlum olub. Ali məktəblərə qəbul üçün imtahan verən abituriyentlər arasında cəmi bir nəfər 700 bal toplayıb.

 

Hər il olduğu kimi, bu il də imtahanların ümumi nəticəsi maraq doğurur.

 

Təhsil eksperti Kamran Əsədov bütün qruplar üzrə nəticələri Modern.az-a şərh edib. O deyib ki, bütün ixtisas qrupları üzrə 680-dən yüksək bal toplayanların sayı azalıb:

 

“Pandemiyadan sonra qəbul imtahanlarının nəticələri müsbət mənada dəyişdi. Xüsusən birinci ixtisas qrupu üzrə yüksək bal toplayan şagirdlərin sayı həddən artıqdır. Üçüncü ixtisas qrupu üzrə  yüksək nəticə göstərənlərin sayı keçən illə müqayisədə azdır. Son iki ilin nəticələri ilə müqayisədə bu il üçüncü ixtisas qrupu üzrə 680-dən çox bal toplayan abituriyentlərin sayı xeyli azalıb. Bütün ixtisas qrupları arasında təkcə dördüncü ixtisas qrupu üzrə maksimal bal toplayan oldu. Buna  baxmayaraq, dördüncü qrup üzrə 680-dən çox bal toplayanların sayı azdır”.

 

 

Ekspert bildirib ki, beşinci ixtisas qrupunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına plan yerlərinin azalması müsabiqə şərtini gərginləşdirə bilər:

 

“Məşqçi ixtisasına plan yerlərinin azalması həmin ixtisasda cüzi olsa da, balları qaldıracaq. Bu il ali təhsil müəssisələrinə qəbul plan yeri artıb, 51 mindən çox plan yeri var. Bu da keçən illə müqayisədə 6%-ə qədər çoxalma deməkdir. Bu il birinci və üçüncü ixtisas qrupunun abituriyentlərini daha şanslı hesab edirik. Xüsusən birinci ixtisas qrupu üzrə plan yerləri bütün qruplardan daha çoxdur. Çətinlik əsasən ikinci ixtisas qrupu üzrə olacaq. Səbəb isə Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasının üçüncü qrupa keçirilməsidir. Bu ixtisaslar üçüncü ixtisas qrupuna keçirildiyi üçün ikinci qrup üzrə plan yerlərinin sayı azalacaq. Ona görə də abituriyentlər daha diqqətli olmalıdırlar”.

Mənbə

Share: