Prezidenti İlham Əliyev mayın 16-da Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Cəmi bir il əvvəl – mayın 17-də Saatlı rayonuna icra başçısı təyin edilən N.İsmayılov bundan əvvəl Sabirabada rəhbərlik etmişdi.
“Millətin Səsi.az” Musavat.com-a istinadla xəbər verir ki, Nazim İsmayılov Azərbaycanın ən uzunömürlü icra başçılardan hesab olunurdu. O, 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.
Əmək fəaliyyətinə 1974-cü ildə “Sumqayıtkimyasənaye” İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb.
1977-1980-cı illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor, 1980-1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri, 1981-1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri, 1989-1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi, 1990-1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini işləyib. Azərbaycan müstəqillik qazanandan sonra Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay, 2006-2011-ci illərdə Şamaxı, 2011-2019-ci illərdə Sabirabad rayonlarının icra başçısı olub. 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Üç övladı var.
Yeri gəlmişkən, bir müddət əvvəl oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü üzə çıxması barədə xəbərlər vardı.
İddia olunurdu ki, sabiq başçı oğlunun şirkəti və mülkü Anar İsmayılovun Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində yerləşir.
Anar İsmayılovun mülkünün 1 milyon 300 min dollar (2 milyon 210 min manat) dəyərində olduğu bildirilirdi. Anar İsmayılov sosial şəbəkələrdə məşhurlaşmışdı. O, 150 minlik Leksus-570 maşınının fotosunu paylaşmışdı.
Artiq sabiq hesab olunan icra başçısı dəbdəbəli həyat tərzi sürən məmurlardan biri kimi tanınırdı. Nazim İsmayılovun mülkləri barədə ölkə mətbuatda məlumatlar dərc olunub. Həmin məlumatlarda qeyd olunur ki, icra başçısının Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri var.