Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməsi ilə bağlı məlumat yayıb.
Millətin Səsi.az xəbər verir ki, yayılan məlumatda Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvləri Fuad Qəhrəmanlı və Qənimət Zayıdovun da adları çəkilib.
Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.
Barələrində cinayət işi qaldırılanlar və həbs qərarı çıxarılanlar isə bunlardır: Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov (Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddəsi) Eldar Əmirov (CM-in 32.5, 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə) maddəsi), Ramiz Mehdiyev (CM-in 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274-ci (dövlətə xəyanət) və 278.1-ci maddələri).
Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir.


