
“Rusiya MN nümayəndəsi dağıdılmış çoxmənzilli yaşayış evi və qətlə yetirilən dinc sakinlər barədə cınqırını da çıxarmayıb…”
“Son məlumatlara görə, çoxmərtəbəli yaşayış evinə raket zərbəsi nəticəsində 35 nəfər həlak olub, 75 nəfər yaralanıb, daha 35 nəfərin taleyi barədə məlumat yoxdur…”
“Rusiya hərbçiləri Dnepri “X-22″ raketlə atəşə tutub, onun döyüş hissəsinin çəkisi 950 kq-dır…”
Ukrayna prezidenti Vladimir Zelenski Dneprdə operativ vəziyyəti şərh edərkən rus dilində rusiyalılara müraciət edib və onları susqunluğuna görə pisləyib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin saytı məlumat yayıb.
“Rusiyada yaşayan və Rusiyadan olanların hamısına, bu terroru pisləmək üçün bir neçə kəlmə belə ifadə edə bilməyənlərə demək istəyirəm…Hərçənd, bunu hamı çox gözəl görür və bilir…
Sizin qorxaqcasına susqunluğunuz, baş verənləri “gözləməyə” cəhdiniz onunla bitəcək ki, bir gün elə bu terrorçular sizin arxanızca da gələcək.
Şər qorxaqlığa qarşı çox həssasdır. Şər ondan qorxanları və ya onunla sövdələşənləri həmişə yadda saxlayır. Və o, sizin arxanızca gələndə, sizi müdafiə etməyə kimsə tapılmayacaq”, – Ukrayna prezidenti Rusiya Federasiyası vətəndaşlarına səslənib.
Xəbər verildiyi kimi, şənbə günü günorta Rusiya qoşunları Ukraynaya güclü raket zərbəsi endirib.
Dnepr şəhərində raket çoxmərtəbəli evə düşüb, girişlərin biri tamamilə dağıdılıb.
Ertəsi gün Rusiya Müdafiə Nazirliyi hesabat verib ki, qoşunlar Ukraynanın hərbi idarəetmə sistemini və onunla bağlı energetika obyektlərini məhv edib.
Dağıdılmış çoxmənzilli yaşayış evi və qətlə yetirilən dinc sakinlər barədə Rusiya MN-in nümayəndəsi İqor Konaşenkov cınqırına da çıxarmayıb.
Dneprdə dağıntıların altında həlak olanların axtarışı artıq 40 saatdan çox davam edir.
Dnepropetrovsk vilayəti hakimiyyətinin son məlumatlarına görə, evə endirilən raket zərbəsi nəticəsində 35 nəfər, o cümlədən iki uşaq həlak olub, daha 75 nəfər, o cümlədən 14 uşaq yaralanıb. Ev sakinlərindən daha 35 nəfərin taleyi barədə məlumat yoxdur.
Ev 16 giriş qapısından ibarət olub, orada təxminən 1700 sakin yaşayıb. Bütün bina elektriksiz, qazsız, pəncərəsiz qalıb. İlkin olaraq 72 mənzilin dağılması, 230-dan çox mənzilin zədələnməsi barədə məlumat verilib.
Ukraynalı hərbçilərin məlumatına görə, Dneprdəki evə “X-22” raketi düşüb. Ukrayna Silahlı Qüvvələri bəyan edib ki, bu tip raketləri vurmaq üçün atəş vasitələrinə malik deyil.
Bu raketlərin döyüş hissəsinin kütləsi 950 kq-dır. Rusiyalıların belə raketlə 2022-ci ilin iyununda Kremençuq şəhərində ticarət mərkəzinə zərbə endirməsi faciəyə səbəb olub.