“Rusiyalılar son həftələr Ukraynanın Luqansk və Zaporojye vilayətlərində mümkün hücumundan təlaş keçirərək müdafiə qurğularını möhkəmləndirir…”
“Ukraynanın əkshücumu yalnız Rusiya qoşunlarının miqyaslı hücumundan sonra baş verəcək…”
“Tədarük templəri səbəbindən biz ruslardan gec toparlanırıq və onlar hücuma daha çox hazırdır…”
Ukraynada hərbi əməliyyatların iki konkret planı üzə çıxıb
Rusiyanın hərbi komandanlığı Ukrayna Silahlı Qüvvələrinin iki istiqamətdə mümkün miqyaslı hücumundan təlaş keçirir.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının 8 yanvar tarixli hesabatında deyilir.
Britaniya kəşfiyyatçılarının məlumatına görə, son həftələr rusiyalılar Zaporojye vilayətinin mərkəzi hissəsində, xüsusilə Vasilyevka və Orexov şəhərləri arasında müdafiə qurğularını möhkəmləndirib. Bu rayonda Rusiya qoşunları böyük qüvvə cəmləşdirib.
“Rusiyanın müdafiəni möhkəmləndirmək üzərində işləməsi onu göstərir ki, komandanlıq, böyük ehtimalla, Ukrayna tətəfindən iki sektorda-ya Luqansk vilayətinin şimalında, ya da Zaporojyedə mümkün iri hücum əməliyyatlarından təlaş keçirir”, – britaniyalı analitiklər güman edir.
Onların fikrincə, Ukrayna qoşunlarının Zaporojye vilayətində böyük irəliləyişi Rusiyanı işğal etdiyi Krımla birləşdirən “yerüstü körpü”nün həyati qabiliyyətini ciddi şəkildə zəiflədəcək. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətində uğur qazanması Putinin Donbası “azad etmək” hərbi məqsədini daha da sarsıdacaq.
“Bu təhlüklərin hansına ilk növbədə müqavimət göstərilməsi qərarı, ehtimal ki, rusiyalı operativ planlaşdırıcılarının əsas dilemmalarından biridir”, – mütəxəssislər əlavə edib.
Eyni zamanda, Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib ki, USQ-nin əkshücumu yalnız Rusiya qoşunlarının miqyaslı hücumundan sonra baş verəcək. Onun sözlərinə görə, Ukraynaya əvvəlcə “müdafiə olunmaq”lazım gələcək.
“Onlar bizi sürətdə üstələyib. Onlar bizdən daha tez zərbə endirəcək. Biz əvvəlcə onların hücumunun qarşısını almalı, daha sonra, haradasa, əkshücum barədə düşünməliyik”, – Arestoviç deyib.
O, dəqiqləşdirib ki, USQ Baş Qərargahı və Ukraynanın hərbi-siyasi rəhbərliyinin fikrincə, Rusiya ordusu həm Luqansk, həm də Donetsk istiqamətində, həmçinin mümkündür ki, Xarkov və Zaporojye istiqamətlərində zərbələr endirəcək.
“Tədarük templəri səbəbindən biz onlardan geç toparlanırıq. Resurslarımızı Soledara və Baxmuta sərf etmişik. Onların “uğuru” bununla bağlıdır ki, növbəti əkshücuma imkan vermədilər, biz Baxmut və Solidarda xeyli resurs sərf etdik”, – müşavir qeyd edib.
O, belə proqnoz verib ki, Rusiya rəhbərliyi göstərilən istiqamətdə 150-200 min “ölümə məhkum olanlar”dan istifadə edəcək, USQ onları məhv edəcək, bunun üçün kifayət qədər çox zaman və resurslar tələb ediləcək.
“Amma hər halda mən düşünürəm ki, bu müddət ərzində biz qüvvə və vəsaitlərimizi hazırlamağa macal tapacağıq, bu da növbəti əkshücuma keçməyə imkan verəcək. Xarkov və ya Xerson əməliyyatına bənzər bir şey olacaq. Gözəl olacaq”, – Arestoviç əmin edib və qeyd edib ki, hazırda rusiyalılar USQ-yə nisbətən hücuma daha çox hazırdır.