Polşada sentyabrın 17-də Visla körfəzi ilə Qdansk körfəzini birləşdirən yeni su kanalı istifadəyə veriləcək.
Lakin kanalın tikintisi hələ tamamlanmayıb.
Visla körfəzi kanalı Sovet qoşunlarının Polşaya hücumunun (1939-cu ildə) ildönümü günündə açılacaq. Hökumət bunu ölkənin Rusiyadan asılılıqdan imtinasının simvolu kimi xarakterizə edir.
Kanalın fəaliyyətə başlaması ilə Polşa Rusiyanın bölgədəki hökmranlığına son qoymağı nəzərdə tutur. Gəmilərin Visla körfəzindəki bütün limanlara və Elblonq dəniz limanına çıxışı olacaq. Elblonq, Varmiya və bütün Şərqi Polşa üçün isə yeni inkişaf imkanları açılacaq.
“Visla kanalının qazılması sayəsində Polşa Visla körfəzi ilə Baltik dənizini birləşdirən su yolu əldə edəcək və bu yol Rusiyadan asılı olmayacaq. Kanal Polşanın təhlükəsizliyini və suverenliyini təmin edəcək”, – deyə hökumətin bəyanatında deyilir.
Açılış mərasiminin təşkilatçıları artıq kanalı birinci keçəcək kapitanı da tapıblar. Bu, “Zodiak II” barjası (yedək gəmisi – red.) olacaq.
Qdansk körfəzindən Elblonqa qədər olan su yolunun ümumi uzunluğu 23 km-ə qədərdir. Kanalın və bütün yolun dərinliyi isə beş metr olacaq. /Oxu.az/
Mənbə: Yevropeyskaya pravda