Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb. İyulun 11-dən 15-dək davam edən imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib.
İmtahanlara riyaziyyat, fiziki tərbiyə, kimya, tarix, coğrafiya, informatika, fizika, fransız dili, ibtidai sinif müəllimliyi, musiqi, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (rus bölməsi), ingilis dili, təsviri incəsənət, texnologiya, biologiya, alman dili, rus dili, rus dili və ədəbiyyatı fənləri üzrə 58 000-ə yaxın namizəd dəvət olunub, onlardan 47 571 namizəd iştirak edib.
Builki imtahanlarda 100 ballıq rekord qeydə alınmayıb. Ölkə üzrə ən yüksək nəticə – 96,75 bal olub.
Test imtahanları ilə bağlı müzakirələr göstərir ki, namizədlərin razı və narazı qaldıqları məqamlar var. Narazılıq daha çox imtahan suallarının çətin olması ilə bağlıdır. Xüsusilə kurikulum suallarından şikayətlərə daha çox rast gəlmək olar.
Bəs ekspertlər bu il təşkil olunan MİQ imtahanlarını necə qiymətləndirir? Onları narazı salan məqamlar hansılardır?
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən ekspert Kamran Əsədov son 3 ildə keçirilən imtahanları müqayisə edib. Onun sözlərinə görə, bu il MİQ imtahanlarının təşkilində problemlər yaşanıb, tərtib edilmiş sualların səviyyəsi çətin olub.
“Builki suallar həm elmi baxımdan, həm testologiya baxımından ciddi problemlərlə müşahidə olundu. Suallarda qüsurlar qeydə alındı. Azərbaycan dili və ədəbiyyat fənnindən təqdim edilmiş test tapşırıqları testologiya prinsiplərinə uyğun deyildi. Suallar öncədən tərtib edilmiş çərçivəyə uyğun gəlmirdi. Həmçinin imtahan zamanı, xüsusilə Gəncədə keçirilən imtahanda hansısa imtahan iştirakçısının adı çəkilib və həmin namizədin imtahanada olub-olmamağı yoxlanılıb. Halbuki belə qayda mövcud deyil. Kim imtahanda iştirak etməyibsə, heç bir imtahan mərkəzində onun adı axtarılmır”.
Ekspert növbəti mərhələnin necə olacağı barədə də fikir bildirib. O, eyni zamanda MİQ imtahanlarının Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsini təklif edib:
“Həm kurikulumla tərtib edilmiş suallar, həm də digər məsələlər ciddi şəkildə problemlə müşahidə olunub. Azərbaycan dili və ədəbiyyat fənni üzrə nəticələr çox aşağıdır, eyni zamanda sualların həcmi çox geniş olub. Hesab edirəm ki, imtahanlar Dövlət İmtahan Mərkəzinə verilməlidir”.
Təhsil üzrə mütəxəssis Nadir İsrafilov isə bildirib ki, MİQ imtahanlarında müşahidə edilən problemlər müzakirə edilməli və həll olunmalıdır. Lakin o, MİQ-in Dövlət İmtahan Mərkəzinə verilməsi təklifini müsbət qarşılamayıb.
“Deyirlər ki, suallarda problem var. Əlbəttə, bu kimi problemlər həmişə olub, bundan sonra da olacağı istisna olunmur. Çünki sualları insan hazırlayır, orda texniki səhvlər, məzmununda anlaşılmazlıq ola bilər. İndi imtahanın Elm və Təhsil Nazirliyindən alınıb, DİM-ə verilməsi qaldırılıb. Mən hesab etmirəm ki, MİQ prosesinin bir qurumdan alınıb digərinə verilməsi nəyisə həll etsin. Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan suallarda da müəyyən problemlər yaranır, bununla bağlı şikayətlər olur. Apellyasiya komisyasında bu kimi məsələlər nəzərə alınır. Ötən illərdə vaxt məsələsində problem var idi. 60 sual verilirdisə, vaxt sualların oxunub başa çatmasına kifayət edirdi. Yenilik oldu ki, imtahan müddəti artılırdı”.
Qeyd edək ki, cari tədris ilində 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər namizəd vakansiya seçimində maksimum 8 yer seçə bilər.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarıqlı müəllimlərin aşkarlanmasında bərabər və ədalətli imkandır. Müsabiqə peşəkar və mütəxəssis müəllimləri tapmağa imkanı verir, bu da öz növbəsində tədris prosesindəki effektivliyi artırmağa kömək edir.
Jalə Rövşən