
“Mən şəxsən çox şadam ki, indi Ermənistan və Azərbaycan öz mübahisələrini beynəlxalq məhkəmələrə daşıyıblar. Bunu 30 il əvvəl etsəydik, yəqin ki, müharibədən qaça bilərdik. Amma Ermənistan və Azərbaycanın indi mübahisələrini Məhkəməyə daşınılmasına sevindiyim qədər, Ermənistanın beynəlxalq məhkəmə orqanlarını siyasiləşdirməyə çalışdığına şübhə duyuram”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirlinin AŞPA-nın yaz sessiyasının ötən gün keçirilən plenar iclasında bildirib.
Deputat çıxışı zamanı deyib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə kimi ayrılmaz hüququndan istifadə etmək üçün müharibə aparmalı oldu:
“Heç bir beynəlxalq məhkəmənin bu müharibənin nəticələrini ləğv etmək səlahiyyəti yoxdur, hətta nəzəri cəhətdən belə bir səlahiyyəti əldə etmək imkanı yoxdur. Məhkəmələr də yalnız mübahisələrə baxa bilər – məhkəmələr münaqişələri həll edə bilməz. Münaqişələri ancaq danışıqlar yolu ilə həll etmək olar. Biz Ermənistandan nəhayət danışıqlar masasına oturub sülh müqaviləsi imzalamasını gözləyirik. İndi hesabata qayıdaq, çox vaxtım yoxdur, ona görə də fikrimdə olanların bir hissəsini buraxacam. Bu hesabat çox ciddi məsələlərə toxunur. Təbii ki, bizim bir neçə əhəmiyyətli problemimiz var. Bizim fərqli yurisdiksiyalarımız var, onlardan bəziləri prinsipcə uyğunlaşa, hətta üst-üstə düşə və ya ziddiyyət təşkil edə bilər. Bizim Avropa İttifaqımız var, Avropa Şurasımız var – Avropa Şurasının bütün üzvləri Avropa İttifaqının üzvü deyil. Bununla əlaqədar olaraq, Avropa İttifaqına üzv olmayan Avropa Şurasının üzvlərinin Avropa Birliyinin Avropa İnsan Hüquqları Konvensiyasına mümkün qəbulu ilə bağlı əlavə sualları ola bilər, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin bütövlüyü məsələsi çox vacibdir. Amma təəssüf ki, Avropa İnsan Hüquqları Məhkəməsi insan hüquq və azadlıqlarının klassik liberal konsepsiyasından tədricən uzaqlaşır. Həddindən artıq çox solçu ideyalar Avropa İnsan Hüquqları Məhkəməsinin şərhinə təsir göstərmiş, xüsusən də yaşamaq hüququnun əhatə dairəsini ətraf mühitlə bağlı komponentləri əhatə edəcək şəkildə genişləndirmək cəhdləri, həmin öhdəlikləri həyata keçirmək imkanları baxımından üzv dövlətlər arasında məsafəni artıracaq.
Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa Ədalət Məhkəməsindən fərqli olaraq, mənim fikrimcə, proqramatik hüquqlar ilə bağlı öz yurisdiksiyasını genişləndirməkdən çəkinməlidir”.