Baş nazir bəyan edib ki, beynəlxalq ictimaiyyət, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.
Qərb ölkələrinin Qarabağ məsələsinin həlli ilə bağlı təklifləri Ermənistan üçün qəbuledilməz deyil.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının qurultayında deyib.
O əlavə edib ki, bir neçə təklif var. Birinciyə əsasən, Qarabağ məsələsinə diqqət yetirmədən Ermənistan-Azərbaycan məsələsinin tənzimlənməsi və hazırkı status-kvonun saxlanılması təklif olunur.
“Başqa bir yanaşma ondan ibarətdir ki, – gəlin Qarabağ məsələsini həll edək. Amma bu halda sual yarana bilər ki, bu tərəflərdən hansı onu Azərbaycanın tərkib hissəsi hesab edir, hansı etmir”, – deyə baş nazir bildirib. Paşinyan əlavə edib ki, dünya ictimaiyyəti, bütün ölkələr istisnasız olaraq Qarabağı Azərbaycanın bir hissəsi hesab edirlər.
Sülhün bərqərar olmasına gəlincə, Paşinyan qeyd edib ki, əvvəlcə hansı fövqəldövlətlərin sazişlərin həyata keçirilməsinə zəmanət verdiyini və sülhün bərqərar olmasına kömək etdiyini başa düşmək lazımdır.