“Bütün test tapşırıqları riyazi modellə uzlaşmır”

 

“Praktikada bütün test tapşırıqları riyazi modellə uzlaşmır və model işlədiləndə onunla uzlaşmayan test tapşırıqları atılmalı olur. Belə hallar, əsasən, test tapşırıqlarında müxtəlif qüsurların, məsələn, üstünlüyə malik distraktorun, yaxud çox zəif diskriminasiya xassəsinin olmasının nəticəsidir”.

Milletinsesi.az-a görə , bu barədə Dövlət İmtahan Mərkəzinin ötən ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, test tapşırıqlarının sınaqdan keçirilməsi və sonradan nəticələrinin emalı – test tapşırıqlarının kalibrlənməsi aparılır: “Test tapşırıqlarının parametrləndirilməsi iki model – Rasch və ikiparametrli logistik model əsasında həyata keçirilir. Rasch modelində bütün test tapşırıqları eyni diskriminasiya (ayırdetmə) göstəricisinə malikdir. Bu, əslində, çox sərt fərziyyədir və praktikada özünü nadir hallarda doğruldur”.

Hesabatda vurğulanıb ki, ikiparametrli logistik modeldə isə test tapşırıqlarının diskriminasiya göstəriciləri bir-birindən fərqlənir: “Bu modelin Rasch modelinə nəzərən üstünlüyü onun empirik (real) məlumatlarla daha yüksək uzlaşma səviyyəsinə malik olmasıdır. İkiparametrli logistik model əsasında bilik və bacarıqların qiymətləndirilməsi BILOG-MG proqram təminatı əsasında aparılır. Praktikada bütün test tapşırıqları riyazi modellə uzlaşmır və model işlədiləndə onunla uzlaşmayan test tapşırıqları atılmalı olur. Belə hallar, əsasən, test tapşırıqlarında müxtəlif qüsurların, məsələn, üstünlüyə malik distraktorun, yaxud çox zəif diskriminasiya xassəsinin olmasının nəticəsidir. Model tətbiq edilərkən sınaq iştirakçılarının motivasiya səviyyəsi də nəzərə alınmalıdır. Başqa sözlə, informasiyanın emalı prosesində sınaq iştirakçısının imtahan prosesində mümkün olan ən yüksək nəticəni əldə etmək marağı hesaba alınmalıdır. Bununla əlaqədar olaraq test tapşırıqları parametrləndirildikdə, onlara cavab verməkdən çoxlu sayda imtina edən abituriyentlər sınaq iştirakçıları seçməsindən çıxarılır. Yeni testlərin tərkibində parametrləndirilmiş tapşırıqlardan istifadə edilməsi testləşdirmə aparılan fənn üzrə qabiliyyət göstəricisi şkalasına yeni test tapşırıqlarının əlavə edilməsinə imkan verir. Beləliklə, kalibrlənmə həyata keçirildikdən sonra eyni tapşırıqlara malik olmayan müxtəlif testlərin nəticələrini müqayisə etmək imkanı yaranır. Bununla yanaşı, müxtəlif imtahanlarda eyni imtahan iştirakçılarının olması da, bu imtahanlardakı testlərin nəticələrini müqayisə etməyə imkan verir”.

Mənbə

Share: