Özbəkistandakı keçirilən “İpək Yolu dürdanəsi” XIV Daşkənd beynəlxalq kinofestivalı çərçivəsində bu ölkənin qədim Buxara şəhərində Buxara Dövlət Universitetinin böyük zalında “Azərbaycan kinosu günləri”nə həsr olunmuş tədbir keçirilib.
“Azərbaycan kino günləri” çərçivəsində keçirilən tədbirdə şəhər hakimiyyətinin, yerli diaspora təşkilatı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, Azərbaycandan olan kino xadimləri, Buxara Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.
Buxara vilayətinin hakim müavini Mirəli Xamrayev Azərbaycandan gələn qonaqlara öz təşəkkürlərini bildirmiş və bu növ tədbirlərin keçirilməsi iki ölkə arasında dostluq, mədəni-ədəbi əlaqələrin daha da möhkəmlənməsinə səbəb olduğunu söyləmişdir.
Filmin rejissoru İlqar Nəcəf tədbir iştirakçılarını salamlayaraq, rejissoru olduğu filmin İkinci Dünya müharibəsinin dəhşətlərini özündə əks etdirdiyini bildirib. İlqar Nəcəf filmin ölkəmizdə geniş nümayiş olunması ilə yanaşı, onun Beynəlxalq festivallarda nümayiş olunmasından məmnunluğunu ifadə edib.
Sonra XIV Daşkənd beynəlxalq kinofestivalı çərçivəsində İlqar Nəcəfin “Suğra və onun oğulları” filmi nümayiş etdirilib.
Qeyd edək ki, ötən ildən start götürən “İpək Yolunun dürdanəsi” beynəlxalq kinofestivalında hər il Azərbaycan geniş təmsil olunur və 18 sentyabrda sözügedən kinofestivala yekun vurulub.