Noyabrın 29-da Bakının Buzovna qəsəbəsində bir ailənin 3 üzvünü qətlə yetirən, daha bir nəfəri yaralayan 1976-cı il təvəllüdlü Səfərov Nofəl Səfər oğlu barəsində istintaq müddəti üçün məhkəmə qərarı çıxarılıb.
Milletinsesi.az xəbər verir ki, keçmiş həyat yoldaşının babası, nənəsi və dayısını öldürən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
N.Səfərova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3-ci maddələri ilə ittiham irəli sürülüb.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.
Xatırladaq ki, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.
Araşdırma zamanı ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.