
“İndi xarici ölkələrə getmək asandır, nəinki azad edilən torpaqlarımıza…”
“Bunu Şərqi Zəngəzur üzrə nümayəndəyə xatırladanda “onlar başqa yolla gedirlər” cavabını aldım…”
2020-ci ilin 27 sentyabrında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan 44 günlük Vətən müharibəsinin torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan Ermənistan üzərində həlledici zəfərlə yekunlaşması, əslində, bu savaşın tam və qəti qələbə ilə bitəcəyinin anonsu idi. Müharibənin başlanmasının 3-cü ildönümündə – bizi zəfərə aparan ayın 19-20-də keçirilən uğurlu antiterror əməliyyatından az sonra isə Ali Baş Komandanın, nəhayət, Xankəndi və Ağdərə şəhərlərində Azərbaycan bayrağını yüksəltməsi ilə tam və qəti qələbəyə sahibləndik. Bütün bunlar xalqımız üçün çox qürurverici olmaqla yanaşı, həm də illər boyunca əsla unudulmayan böyük bir tarixi hadisədir. Artıq 3 ildir ki, bu hadisənin sevincini yaşayırıq. Belə bir sevinci üzərində daha çox hiss edən isə şübhəsiz ki, bu sətirlərin müəllifi də daxil olmaqla keçmiş məcburi köçkünlərdir. Bundan sonrakı daha bir sevincimiz isə işğaldan azad edilmiş yurd-yuvamızı, yaxınlarımızın, doğmalarımızın qəbirlərini ziyarətlərin təşkil olunması üçün ərazi üzrə nümayəndəliklərin təsis edilməsi ilə bağlı oldu. Amma təəssüf edirik ki, bu ilin avqust ayının lap əvvəlində təxminən 20-yə yaxın kənd sakininin təqribən eyni vaxtda Cəbrayılı, doğma kəndimiz Xələflini ziyarət etmək üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yerləşən Şərqi Zəngəzur nümayəndəliyinə müraciət etməsinə baxmayaraq ortada hələ də nəticə yoxdur…
Qeyd edim ki, 10.10.2023-cü il tarixində ziyarətə mane olan səbəblərin nədən ibarət olduğunu öyrənmək üçün Şərqi Zəngəzur nümayəndəliyinə getməli oldum. Aldığım qəbzə əsasən 7 saylı otaqdakı nümayəndə ilə görüşdüm. Gecikmənin səbəbini soruşdum. “Hadisələrlə bağlı məhdudiyyət qoyulmuşdu”, deyə qeyri-müəyyən cavab verdi. – Yenidən qeydiyyatdan keçməlisən, – dedi. – Sənə məlumat verməyiblər? – deyə soruşdu. – Xeyr, – dedim…
HAŞİYƏ:
Müəmmalı və maraqlı olan odur ki, məndən çox-çox sonra qeydə alınanlar, necə deyərlər, “həftə səkkiz, mən doqquz” Cəbrayılı, onun kəndlərini, lap elə mənim kəndimi ziyarət edib sosial şəbəkələrdə video və şəkil paylaşırlar. Bunu nümayəndəyə xatırladanda “onlar başqa yolla gedirlər” cavabını aldım. Təbii ki, bu “başqa yol” da normal və qanuni deyil. Bir də ki, mənim və digərlərinin “başqa yolla” getməyə əllərimiz çatmır. Buna baxmayaraq mən nümayəndəni qınamıram. “Başqa yolla gedirlər” ifadəsi, əslində, nələrinsə etirafıdır və mən bu etirafı təqdir edirəm. Təqdir etmədiyim isə Prezidentin və ordumuzun açdığı yolu kimlərinsə vətəndaşların üzlərinə bağlamalarıdır. Həm də 3 ildir çoxlarının təkrar-təkrar gedib qarış-qarış gəzdiyi, mina təhlükəsinin, ümumiyyətlə, olmadığı təsdiq edilən Xələfli yolu və kəndini…
Nə isə… nümayəndə məni yenidən qeydiyyata aldığını bildirib dedi ki, oktyabrın 26-da saat 10:00-da nümayəndəliyə gələrsən, müəyyənləşdirərik. Mən isə 20-yə yaxın kənd sakini ilə birlikdə eyni avtomobildə, eyni vaxtda getmək istədiyimizi bildirdim. – Onlar da gəlib yenidən qeydiyyatdan keçməlidirlərmi? – deyə soruşdum. Təsdiq cavabı alandan sonra geri qayıdıb bu haqda ziyarət etmək istəyənləri məlumatlandırdım. Onlar çox qısa müddətdə ayrı-ayrı vaxtlarda yenidən qeydiyyata alınmaq üçün gedəndə bu şəxslərdən yalnız birinə mənə verilən cavabın eynisini verdilər. Qalanlarına isə “siz qeydiyyatdan keçmisiniz, qayıdın” desələr də vaxt barədə heç nə bildirmədilər. Və beləcə, bəziləri vaxtın uzandığını, qarşıdan həmin yerlər üçün xarakterik olan soyuqlu, yağışlı, qarlı, palçıqlı havaların gəldiyini nəzərə alaraq, nümayəndənin özünün təbirincə desək, “başqa yolla” getməyə üstünlük verirər.
Bəli, bu gün işğaldan azad edilmiş və mina təhlükəsinin qalmadığı təsdiq olunmuş ərazilərə səfər etmək üçün, Prezidentin xalqa xidmət etməkdən ötrü vəzifəyə təyin elədiyi bəzi məmurlar adamdan, az qala, viza tələb edirlər. İndi xarici ölkələrə getmək asandır, nəinki azad edilən torpaqlarımıza. Ermənistanla sərhəd zonaları, mina təhlükəsinin hələ də qaldığı ehtimal edilən yerləri anladıq, bəs “başqa yolla” gedərək, necə deyərlər, şellənə-şellənə gəzib dolaşanlara verilən icazələri kimlərin ayağına yazaq? Birilərinə bu, digərlərinə başqa münasibətin səbəbini bilən varsa, desin. Belə olarmı? Olmaz. Qab əyiləndə su axıra kimi tökülməlidir…
Rica edirəm, özlərini ziyalı hesab edənlər, işğaldan azad edilmiş ərazilərimizin ağsaqqalları, millət vəkilləri, şəxsən bizim Cəbrayıl rayonundan olan sayın millət vəkili Ceyhun Məmmədov, eləcə də rayon rəhbərliyi, gəlin bu biabırçılığa son qoymağın yolu haqqında düşünək. Sizcə, mina təhlükəsi olmayan ərazilərə gediş-gəlişi sadələşdirmək olmazmı? Məsələn, əraziyə girişdə postlar qoyulsun, adamlar heç bir icazə olmadan getsinlər, həmin postlarda həmin adamların müvafiq rayon vətəndaşları olduğu təsdiqlənəndən sonra əraziyə buraxılsınlar. Yəni təxminən buna bənzər bir şey. Düşünürük ki, bu halda həm biabırçılıqdan, həm narazılıqdan, həm də rüşvət mexanizmindən qurtulmaq mümkündür. Əlbəttə, başqa variantlar da düşünmək olar…
P.S. Zərərlidir, ya yox, deyə bilmərəm, amma azad edilmiş ərazilərlə bağlı belə bir tendensiya da yaranıb. İnsanlar hansısa xoşagəlməz vəziyyətlə bağlı kimlərinsə yuxarılara şikayət edəcəyini eşidəndə, “aşağılar yuxarılara şikayət etdiyini bilsələr, sizi minaya salarlar, etməyin” deyirlər. Bu əlbəttə, bir zarafat ola bilər, amma hər halda vətəndaşların bəzi məmurlara güvənsizliyindən, inamsızlığından doğan ifadədir…

Nəriman MAHMUD
Yazıçı-publisist