İyulun 22-si saat 04 radələrində Cəlilabad rayon sakinləri 1992-ci il təvəllüdlü Könül Şahmarova və 1985-ci il təvəllüdlü Ruslan Qarayevin öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəlilabad rayon prokurorluğundan Milletinsesi.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Elşən Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qardaşı arvadı Könül Şahmarovanı, daha sonra isə həmin bıçaqla sonuncunun yaşadığı evdə olan Ruslan Qarayevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elşən Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq davam edir.