Cəlilabadda Vətən müharibəsi şəhidi Fərid Quliyevin ev muzeyinin açılışı olub.
Tədbirdə rayon rəsmiləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıqlardan söhbət açıblar.
Qeyd edək ki, Quliyev Fərid Ayazxan oğlu 1994-cü ildə Cəlilabad rayonunun Babalı kəndində anadan olub. 2000-2011-ci illərdə həmin kənddə orta təhsil alıb. 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub.
2019-cu ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına qəbul olunan Fərid ilkin hazırlıq kursunu keçdikdən sonra 2020-ci ildən xidmətini davam etdirib.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda o, döyüşlərə yollanıb. Xocavənd rayonu ərazisində bir sıra uğurlu döyüş əməliyyatlarının iştirakçısı olub. Oktyabrın 9-da Hadrut uğrunda döyüşlərdə fərqlənən Fərid şəhidlik zirvəsinə ucalıb.
Kiçik gizir Quliyev Fərid Ayazxan oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Cəlilabad rayonunu Babalı kəndində dəfn olunub.