Cəzalandırılan maliyyə qurumlarının adlarının açıqlanması cəmiyyətə və sektora nə verəcək?

 

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarı istehlakçılarının hüquqlarının qorunması istiqamətində daha bir addım atmağa hazırlaşır.

Qurum cəza tədbirləri gördüyü maliyyə qurumlarının (banklar, bank olmayan kredit təşkilatları, sığorta və investisiya şirkətləri) adlarını internet səhifəsində açıqlayacaq.

Yeniliyin anonsunu AMB-nin sədri Taleh Kazımov iyulun 26-da keçirdiyi mətbuat konfrasında verib. Bəs bu addım cəmiyyətə və sektora nə verəcək? Maliyyə bazarında imic məsələsinin önəmli olduğu nəzərə alınarsa, cəzalandırma tədbirlərinin ictimailəşdirilməsi bazarın iştirakçılarına zərbə olmayacaqmı? “Report” mövzunu iqtisadçı-ekspertlərlə müzakirə edib.

“Bu addım maliyyə qurumlarını daha məsuliyyətli edəcək”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, AMB-nin atmağa hazırlaşdığı addım ümumilikdə müsbət haldır: “Bu, şəffaflığa xidmət edir. İstehlakçılar onlara xidmətini təklif edən maliyyə qurumları arasında daha rahat seçim edə biləcəklər, çünki, onların indiyə qədər yol verdiyi qanun pozuntuları barədə məlumat əldə etmək imkanları olacaq. Təbii ki, belə məlumatların paylaşılması maliyyə qurumları üçün arzuolunmazdır, amma onları daha məsuliyyətli edəcək. Kredit təşkilatları, sığorta və investisiya şirkətləri çalışacaqlar ki, adları cəzalandırılan maliyyə qurumlarının siyahısında olmasın”.

“Nöqsanları sonradan yox, əvvəlcədən görəcəyik”

İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, yeni qərarın hesabına istehlakçılar maliyyə bazarında yol verilən nöqsanları vaxtında görəcəklər: “Azərbaycanda əksər hallarda maliyyə qurumlarının yol verdiyi nöqsanlar onların lisenziyası ləğv olunduqdan sonra ictimaiyyətə məlum olur. Bundan əziyyət çəkən isə hansısa bankda əmanəti olan və yaxud hansısa sığorta şirkəti ilə müqaviləsi olan sadə vətəndaş olur. İctimailəşdimənin hesabına nöqsanları sonradan yox, əvvəlcədən görəcəyik. Yəni, vətəndaşın maliyyə xidmətlərindən istifadə zamanı qərar verməsi üçün əlavə informasiya mənbəyi formalaşacaq. Bu, həm bazar iştirakçılarının, həm də tənzimləyici qurumun (AMB) şəffaflığı baxımından önəmlidir. Ümumiyyətlə isə, biz maliyyə qurumlarına, o cümlədən banklara təkcə biznes strukturu kimi baxmamalıyıq. Çünki, banklar böyük vəsaitlər idarə edirlər və buna görə ictimai məsuliyyət daşıyırlar, çalışmalıdırlar ki, fəaliyyətlərini şəffaf və nöqsansız şəkildə qursunlar. Çünki, onların fəaliyyəti zaman yaranan problem yalnız bir sahibkarlıq subyektinin deyil, böyük bir kütlənin zərər görməsinə gətirib çıxarır. Yeni qərar bankların reputasiyasına müəyyən qədər mənfi təsir edə bilər, amma onlar da çalışmalıdırlar ki, ciddi nöqsanlara yol verib cəmiyyət arasında nüfuzlarını itirəcək səviyyəyə çatmasınlar”.

“Qanun pozuntularına məqsədli şəkildə yol verirlər”

Maliyyə bazarı üzrə ekspert Xalid Kərimli hesab edir ki, maliyyə qurumları, xüsusilə banklar qanun pozuntularına məqsədli şəkildə yol verirlər, odur ki, odların adlarının açıqlanmasına yalnız müsbət yanaşmaq lazımdır: “Bankları idarə edən insanlar savadsız, qanunu bilməyən şəxslər deyillər və ortada hər hansısa bir nöqsan varsa bu qəsdən edilir. AMB də durduğu yerdə bankları cəzalandırmır. Qurumun ictimailəşdirmə barədə qərarı mənfi halları ifşa etmək, bankların qanun və qaydalara, normativ aktlara əməl etməsi üçün çox vacibdir. Bank sektorunda baş verən proseslər cəmiyyətə birbaşa təsir edir. Yeni qərarla qanun pozuntuları elan olunacaq və bankların reputasiyasına zərər dəydiyi üçün onlar qoyulmuç tələblərə daha diqqətlə yanaşacaqlar. Biz indi bankların fəaliyyəti barədə məlumatı yalnız onların maliyyə hesabatları vasitəsi ilə əldə edirik. İş prosesində yol verilən nöqsanlar isə cəmiyyətə məlum olmur. Reputasiyasının zədələnməsindən qorxan bank qaydaları pozmamalıdır. Amma bu məsələdə AMB-nin üzərinə böyük məsuliyyət düşür. Qaydaları pozan bütün banklar eyni qaydada, ayrı-seçkilik olmadan ifşa edilməlidir, tərəf tutulmamalıdır”.

Mənbə

Share: