Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, görüş zamanı, Azərbaycanla Macarıstan arasında münasibətlərin strateji səviyyəsindən, hazırda bir sıra istiqamətlərdə ikitərəfli və regional əlaqələrin qarşılıqlı əsasda genişlənməsindən, yüksək səviyyəli dialoqun və qarşılıqlı səfərlərin artmasından məmmunluq ifadə olunub.
Görüşdə tərəflər iki ölkə arasında siyasi, ticarət-iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb, bu və digər istiqamətlərdə əlaqələrin daha da dərinləşməsinə dair ortaq maraqlar diqqətə çatdırılıb. Tərəflər, həmçinin çoxtərəfli əməkdaşlıq platformaları, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində müsbət əməkdaşlıq dinamikasının gələcəkdə də davam etdirilməsinə razılıq bildiriblər.
C.Bayramov həmkarını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatlandırıb və Macarıstan tərəfinin işğaldan azad edilmiş ərazilərdə səylərə töhfə vermək niyyətinə görə minnətdarlığını bildirib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib, mümkün bütün platformalarda təmasları davam etdirməyi qərarlaşdırıblar.
15:07
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.
Bu barədə məlumat Ceyhun Bayramovun “Twitter” səhifəsində dərc edilib.
“Nazirlər çoxtərəfli əməkdaşlıq platformalarından, ikitərəfli strateji əlaqələrdən, dialoqdan danışıblar. Ceyhun Bayramov Macarıstanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan münaqişəsindən sonra bölgədə yaranmış vəziyyət barədə məlumat verilib”, – paylaşılan məlumatda qeyd olunur.