Bu gün ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yekun mərhələsi keçiriləcək. Dövlət katibi Entoni Blinkenin iştirak edəcəyi görüşdə əsas müzakirə mövzusu sülh sazişi olacaq.
Üç gündür davam edən danışıqların detalları hələlik ictimaiyyətə açıqlamayıb. Lakin Vaşinqtondan verilən mesajlar kifayət qədər pozitiv təsir bağışlayır. İddialara görə, Vaşinqtonda tərəflər arasında sülh danışıqlarını əhatə edən mühüm sənədin imzalanması istisna deyil.
Maraqlıdır, ölkəmizi kritik danışıqarda təmsil edən nazir Ceyhun Bayramov Vaşinqtona hansı təkliflər aparıb?
Mövzunu Modern.az-a şərh edən politoloq Qabil Hüseynli deyir ki, Azərbaycan Vaşinqton görüşündə əsasən ərazi bütövlüyünün tanınması məsələsini qaldırır:
“ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda keçirilən görüşə Azərbaycan nümayəndə heyəti bir neçə təkliflə gedib. Bunlardan əs əsası Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Görünür, Ermənistan da bu fikirdədir. Çox güman ki, Paşinyan və komandası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyni tanıyacaq”.
Q.Hüseynli vurğulayıb ki, önəmli olan digər məsələlərdən biri isə sərhədlərin demarkasiya və delimitasiya olunmasıdır: “Vaşinqtonda XİN rəhbərləri bu məsələni həll etmək üçün prinsipləri razılaşdıracaq. Həmçinin anklavlar, yəni Qazaxın 7 və Naxçıvanın 1 kəndinin Azərbaycana geri qaytarılması da müzakirə mövzusuna daxildir. Üstəlik, Qarabağda yaşayan ermənilərlə bağlı məsələlərə Ermənistanın qarışmaması və bu mövzuların Azərbaycan konstitusiyasına uyğun olaraq həll olunması masada olacaq. Xususilə, Qarabağda olan qanunsuz silahlı birləşmələrin ərazilərimizdən çıxarılmasının da gündəlikdə olması istisna deyil. Düşünürəm ki, Ermənistan tərəfi Qarabağda yaşayan ermənilərin etnik azlıq olduğunu qəbul edəcək. Sayları 18-20 min olan bir kütlə necə adlandırıla bilər? Biz əgər sayları 100 min olan xalqları etnik azlıq siyahısına əlavə ediriksə, ermənilər nədən oraya daxil edilməsin? Ermənistan hakimiyyəti bu faktla barışıb, Vaşinqton görüşündə Azərbaycanın dedikləri ilə razılaşacaq”.
Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, Ermənistan Bakının şərtlərinə əməl etsə, Vaşinqtonda razılıq əldə oluna bilər.
“Bizim təkliflərimiz məlumdur. Sülh sazişinin yaxın zamanda bağlanılması üçün Azərbaycan tərəfinin müəyyən fikirləri mövcuddur. Bunlardan biri ərazi bütövlüyümüzün tanınması, digəri isə Ermənistanın müdaxiləsi olmadan Qarabağda yaşayan ermənilərlə reinteqrasiya prosesinin həll olunması yolunda addım atılmasıdır. Bizim üçün digər əhəmiyyətli mövzu Qazaxın 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasıdır. Ümumilikdə isə əsas tələbimiz ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasıdır.
Onu da qeyd edək ki, əgər Ermənistan sadalanan məsələlərə əməl etsə, önə sürülən sadə şərtləri icra edəcəyini söyləsə, sülh müqaviləsinin ilkin addımı kimi müəyyən sənəd imzalana bilər. Düşünürəm ki, Vaşinqtonda razılıq əldə olunacaq”.