
Xarici işlər naziri Ceyhun Bayramova iki yeni müavin təyin olunub. Bunlar Samir Şərifov və Yalçın Rəfiyevdir. Bununla da XİN başçısının müavinlərinin sayı 6-ya çatdırılıb.
Yeni nazir müaviblərinin cavabdeh olduğu sahələr də müəyyənləşib. Belə ki, Samir Şərifov Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik Təminat İdarəsinə cavabdeh olacaq. Digər yeni nazir müavini Yalçın Rəfiyev isə Beynəlxalq Təhlükəsizlik İdarəsi, İqtisadi Əməkdaşlıq İdarəsi və Yaxın Şərq və Afrika İdarəsinə nəzarət edəcək.
Hər iki diplomat daha əvvəl Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndəliklərində çalışıblar. Onlar yeni təyinatadək XİN-də idarə rəisi olublar.
XİN başçısının nazir müavinlərinin sayının artırılması və XİN-də struktur dəyişikliyinin səbəbi nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı vurğulayıb ki, Azərbaycan indiki şəraitdə diplomatik əlaqələrini genişləndirməlidir:
“Xarici ölkələrlə diplomatik iş, buradakı diplomatik korpusla iş genişlənir. Digər yandan Ermənistan diasporu, ermənilərin dəstəkçiləri və havadarları dünyanın hər yerində Azərbaycana qarşı əks-təbliğat aparırlar. Azərbaycanın həm müharibədəki qələbəsini, həm də iqtisadiyyat və digər sahələrdəki uğurlarını gözdən salmağa, Azərbaycanı geri qalmış müsəlman plkə, demokratiyadan uzaq dövlət kimi təqdim etməyə çalışırlar. Bunun qarşısında XİN-in təbii ki, işi güclənməlidir. Buna cavab vermək və diplomatiya meydanında Azərbaycanın uduzmasına imkan vermək olmaz. O sahədə işlər genişlənməlidir. Məncə, bu çox mühüm işdir. XİN-dəki struktur dəyişiklikləri ilk növbədə bununla bağlıdır”.
Deputat söyləyib ki, XİN-ə yox, diplomatik korpuslara, xüsusilə də, xaricdəki səfirliklərə də göz gəzdirmək lazımdır:
“Bir çox səfirlərimiz var ki, öz dövlətlərinin tarixini, ana dillərini pis bilirlər. Mən təəccüb edirəm ki, onlar Azərbaycan haqqında az məlumatlı olduğu halda, necə xaricdə Azərbaycanı təqdim edə bilərlər. Az oxuyublar. Azərbaycan tarixindən, ədəbiyyatından bəzilərinin xəbəri yoxdur. Varsa da, səthi məlumatlıdırlar. Əksəriyyəti kənar dillərdə oxuyublar. Rus məktəblərini bitiriblər. Onlar da təbii ki, Azərbaycan ruhunu yetərincə hiss edə bilmirlər. Mən bunu bir neçə ölkələrdə hiss etmişəm. Qəribədir ki, uzun illər nəinki türkcə, hətta azərbaycanca bilməyənləri səfir qoyublar. İndi belə hal aradan qaldırılıb. Bunların hamısı XİN-də ciddi islahatların aparılmasını tələb edir. Məncə, yuxarı səviyyədə aparılan iş bütün XİN-in işinə təsir etməlidir”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin digər bir üzvü Nəsib Məhəməliyev bildirib ki, Azərbaycan dövləti və hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq platformalarda kifayət qədər aktiv xarici siyasət yürüdür:
“Stabillik əldə etdikdən bu günə qədər olan dövrə nəzər yetirsək, zaman-zaman gözləmə mövqeyində dayandığımızı və daha çox praqmatik siyasət yürütdüyümüzü görərik. Bu da torpaqlarımızın işğal altında olması ilə əlaqədar idi. 2020-ci ildə baş tutan 44 günlük müaribədən sonra Azərbaycan cəbhədə əldə etdiyi uğurları diplomatik masaya keçirməyi bacardı. Bu baxımdan yeni dünya nizamının, dünyanın yeni təhlükəsizlik arxitekturasının yaranması istiqamətində beynəlxalq müstəvidə dəyişiklikləri nəzərə alan Azərbaycan çözüm diplomatiyasına üstünlük verməyə başladı. Hadisələri qabaqlayır. Bir çox hallarda beynəlxalq təşkilatlarda, xüsusilə də, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Türk Dövlətləri Təşkilatında, MDB-də və digər bir sıra təşkilatlarda təşəbbüskar ideyalarla çıxış edir. Bu təşkilatların özünün tərkibində belə struktur dəyişikliklərinin aparılması istiamətində işlər görür. Bu sadaladığım təşkilatlarda Azərbaycan aparıcı rola malikdir. Biz bunun BMT TŞ-dən tutmuş Avropa Strukturlarında müsbət tərəflərini gördük. Bu faktdır ki, Azərbaycan dövlətinin beynəlxalq nüfuzu, cənab Prezidentin şəxsi nüfuzu, siyasi çəkisi,liderlik keyfiyyətləri bütün dünya tərəfindən qəbul edilib”.
Deputatın fikrincə, məhz bütün bunlara görə, Azərbaycan Xarici İşlər Nazirliyinin tərkibində müəyyən təkmilləşdirmələr, müəyyən struktur islahatlarının aparılması labüddür:
“Yeni açılan üfüqlər üçün iş qurulması təbii ki, vacibdir. Bu gün Azərbaycan diplomatiyası dünyanın beş qitəsini əhatə edir. Azərbaycan dövləti çox aktiv fəaliyyət göstərir. Bu da dövlətimizin potensial və imkanlarını göstərir. Getdikcə, daha çox ölkələrdə diplomatik nümayəndəliyimiz açılır. Bir çox ölkələrin Azərbaycanda nümayəndəliyi və səfirliyi açılır. Bu dövlətin zaman-zaman nüfuzunun artmasını göstərir. Xarici işlər nazirinə yeni müavinlərin təyin edilməsi müsbət haldır. Yeni sahələr diplomatik siyasətin aparılması üçün çox vacibdir. Bu müsbət qarşılanır. Gələcəkdə də, hesab edirəm ki, bu istiqamətdə işlər davam edəcək. Müharibəyə qədər biz daha çox öz problemlərimizə qapanırdıqsa, bu gün həm regional, həm də beynəlxalq siyasətlə məşğul oluruq. Bu baxımdan xarici işlər nazirliyində də islahatların aparılması zəruridir”.