CHP Mansur Yavaşın namizədlik istəyini cavabsız qoydu 

Türkiyənin paytaxtı Ankara şəhərinin bələdiyyə başqanı, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Mansur Yavaş prezidentliyə namizəd olub-olmaması barədə suallara aydınlıq gətirib.

 

CHP funksioneri jurnalistlərə açıqlamasında hansı şərtlərlə namizəd olacağını bəyan edib:

 

“Mən bu sualı eşitməmək üçün heç bir yerə getmirəm. Altılı Masa nə desə, ona əməl edəcəyik. Namizədi müəyyən etmək onların işidir. Altılı Masa istəsə, prezidentliyə namizəd ola bilərəm. Ankara xalqı bizi Ankara üçün seçib. Xidmət etməyimizi istəyir. Bizə başqa bir iş tapşırılsa, bunu Altılı Masa edə bilər, onu da edərik”.

 

Bəs, CHP Mansur Yavaşın namizədliyini dəstəkləyəcəkmi?

 

Modern.az bu suala cavab tapmaq üçün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasından olan deputatı Uğur Bayraktutanla əlaqə saxlayıb.

 

CHP-li deputat Mansur Yavaşın namizədliyi barədə danışmağın hələ tez olduğunu söyləyib: 

 

“Hazırkı durumda bu məsələ ilə bağlı açıqlama verməyi, fikir bildirməyi uyğun bilmirəm. Bununla bağlı hər hansı qərar olsa, partiya rəsmi şəkildə elan edəcək. Mən əlavə nəsə deyə bilmərəm”.

 

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkilərinin 2023-cü ilin iyununda keçirilməsi gözlənilir. İqtidarın, eləcə də Cümhur İttifaqının namizədi hazırkı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Müxalifətdə isə əsas siyasi qüvvə hesab olunan, ötən seçkilərdə Millət İttifaqını formalaşdırmış, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, eləcə də sonradan bu partiyalarla əməkdaşlıq edən Gələcək və DEVA Partiyalarının qurduğu Altılı Masanın namizədi hələ açıqlanmayıb

Mənbə

Share: