Ölkədə rəsmi olaraq altı və daha çox uşağı olan cütlüklər çoxuşaqlı ailə hesab olunur. Amma bu gün belə ailələrə nadir hallarda rast gəlmək olar. Rəsmi statistikalar göstərir ki, son illər ərzində ailə həyatı quran gənclər tək övlada üstünlük verirlər, onlar iki və üçüncü uşağın dünyaya gəlməsində o qədər də can atmırlar. Bəzi ekspertlər bunu maddi durumla əlaqələndirir, yeni zamanda ailədə tək övladın olmasının gələcəkdə əhali sayının azalmasına və demoqrafik problemlərə gətirib çıxaracağını bildirirlər.
Bəs, bunun səbəbləri nədir? Dünyada Çin modeli kimi tanınan təkuşaqlı ailələrin artması genefonda necə təsir göstərəcək?
Bu barədə Modern.az-a danışan ekspert Aynur Veysəlova hesab edir gənc ailələr övladlarının gələcək qayğısını düşünərək tək övlada üstünlük verirlər:
“Ailələr övladlarının gələcəkdə əmək bazarında davamlı olmaları üçün onlara daha yaxşı təhsil vermək istəyirlər, bu da müəyyən xərclərə gətirib çıxarır. Gələcəkdə uşağın yaxşı mütəxəssis, şəxsiyyət kimi yetişə bilməsi üçün bütün diqqəti ona yönəldirlər. Psixoloqların yanaşmalarına diqqət etsək görərik ki, hər ailədə 3 uşağın olmasını məsləhət görürlər. Biri atanın və ananın əvəzinə, digəri isə yeni nəsil üçün. Gənc ailələr onu da düşünməlidir ki, ölkənin demoqrafik strukturunun davamlı olaraq inkişafına təsir edən əsasa amillər ailədəki uşaq sayıdır”.
A.Veysəlova bildirib ki, psixoloqların fikirlərinə əsasən, evin tək uşağı olanlar bölüşməyi və paylaşmağı bacarmır:
“Onlar digər uşaqlarla münasibətdə mərhəmtli olmurlar. Əlbəttə ki, bu məsələ bir az mübahisəli ola bilər. Çünki əks xüsusiyyətə malik olan uşaqlar da var. Hər bir ailənin öz yanaşması, səbəbləri var. Amma kütləvi şəkildə tək övlada üstünlük verilməməlidir”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qeyd edib ki, tək övlad dünyaya gətirməyin ən başlıca səbəb iqtisadi problemlərdir:
“Cəmiyyətdə mövcud olan psixoloji amillər də ailələrin tək övlad seçiminə təsir edir. İnsanların bu gündən sabaha ümidi yoxdur. Əvvəllər planlayırdılar ki, onu edəcəm, bunu edəcəm. Qeyri-stabil dünyadakı vəziyyət hər şeyə təsir edir. Kiçik ailə modeli əsasən 19-cu əsrin sonlarından başlayır. Əsaslandırırlar ki, uşağın təhsilini, gələcək qayğısını tam təmin etmək üçün tək övlada üstünlük verirlər. Gələcəyi düşünən, işdən ayrıla bilməyən ailələr var ki, onlar karyeralarını itirmək istəmirlər, bu da əsas səbəblərdən biridir. Gec ailə quranlar da tək övladla yekunlaşırlar. Tək övlad modeli ənənəvi model olaraq ölkələri gəzməyə başlayıb. Əsaslandırılan əsas səbəb isə bir uşağı daha yaxşı vətəndaş kimi böyütməkdir”.
M.Zeynalovanın sözlərinə görə, əvvəllər qadınlar ev işləri ilə məşğul olar, övladlarını böyüdər, kişilər isə işləyərdi. İndi isə vəziyyət tamamilə fərqlidir:
“İndi hər iki tərəf karyeraya üstünlük verir. Pandemiya da bu prosesə təsirsiz ötüşmədi. İnsanlar depressiyada idi, virus səbəbindən dünyasını dəyişəcəyini düşünən minlərlə insan var idi. Məhz bu səbəbdən insanlar övlad sahibi olmaqdan çəkindi. Hazırda ölkə genefondu üçün həyəcan siqnalı yoxdur. Çünki elə ailələr var ki, 7-8 uşaq sahibidirlər. Bu da genefondu qoruyur”.
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, ölkədə doğuşun stimullaşdırılması üçün uşaqlara yardım proqramına ehtiyac var. Son illər ölkədə doğuş sayının azaldığını deyən ekspert qeyd edib ki, hazırkı mənfi tendensiya demoqrafik problemə səbəb ola bilər:
“Azərbaycanda son illər doğuş sayı kifayət qədər sürətlə azalır. Bu da demoqrafik problemə səbəb ola bilər. Hətta Dünya Bankının yaydığı hesabatda bu məsələyə diqqət çəkilib. Azərbaycan hökumətinə bununla bağlı xəbərdarlıq edilib. Bu gün ailələr birinci uşaqlarını plana uyğun dünyaya gətirir. Ancaq növbəti uşaqlar maddi dəstək olmadığı təqdirdə ailənin büdcəsinə yük yaradır və onun aylıq planlaması problemlərə səbəb olur. Bir çox ailələr sosial problemlər səbəbindən ikinci, üçüncü uşaqları dünyaya gətirməyə çəkinirlər. Məhz həmin kateqoriyalara aid uşaqlara yardım edilməlidir. Azərbaycan iqtisadiyyatının buna kifayət qədər imkanı var”.
Onu da qeyd edək ki, Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. Belə ki, 2021-ci ilin statistikasına əsasən Azərbaycanda 100 qıza 115 oğlan düşür:
“Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Nəzərə almaq lazımdır ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir”, – deyə ekspert Aynur Veysəlova həyəcan təbili çalıb.
Görünən odur ki, Azərbaycanda nəsilvermə əmsalı xeyli azalıb.